Rusiya qərb sərhədi yaxınlığında qüvvələrini gücləndirəcək.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu məlumat verib.
Müdafiə naziri Şoyqu cümə günü bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulması ilə əlaqəli addımları Rusiyanın qərb sərhədləri yaxınlığında hərbi təhdidlərin artmasının tərkib hissəsidir və ölkə buna qarşı "adekvat cavab tədbirləri” görür.
Şoyqu çıxışında həmçinin ABŞ-ın son illərdə strateji bombardmançı təyyarələrin uçuşlarını artırdığını, Baltik dənizinə hərbi gəmilər göndərdiyini və NATO tərəfdaşları ilə bölgədə təlimləri intensivləşdirdiyini bildirib.
O, cavab olaraq Rusiyanın Qərb Hərbi Dairəsində 12 birlik və diviziya yaratdığını və qoşunlarının döyüş gücünü artırmaq üçün çalışdığını bildirib.
"Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik artmaqda davam edir. Biz adekvat əks tədbirlər görürük", - Şoyqu bildirib.
Prezident Vladimir Putin bazar ertəsi İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün Rusiya üçün heç bir təhlükə törətmədiyini deyib, lakin alyansın iki ölkədə hərbi infrastrukturu gücləndirəcəyi təqdirdə Moskvanın buna cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib.
Nurlan Hüseynov