Xəbər lenti

Pakistanla “Şuşa bəyannaməsi”: Bu, Azərbaycana nə verə bilər? (TƏHLİL)
Siyasət10:40 29.03.2022

Pakistanla “Şuşa bəyannaməsi”: Bu, Azərbaycana nə verə bilər? (TƏHLİL)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu günlərdə mətbuata açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, Pakistanla Azərbaycan arasındakı əməkdaşlıq da Türkiyə səviyyəsinə çatmalıdır: 
"Şuşa Bəyannaməsinin bənzərini Pakistan ilə bağlaya bilsək, bu, elə nüvə silahına malik olmaq kimi bir şeydir. Pakistan doğrudan da bizə dost və qardaş ölkədir. Pakistan hər zaman bizi qürurlandırır və buna görə bu ölkəyə minnətdarıq”.
Qeyd edək ki, Türkiyə ilə yanaşı, Pakistan da Vətən müharibəsində Azərbaycanın yanlnda olub. Ona haqq işində hərtərəfli dəstək verib. 
Pakistan da Türkiyə kimi Ermənistandan öz qoşunlarını qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarmasını tələb edən və işğalçını adı ilə çağıran ölkələrdəndir. Bu ölkənin Baş naziri İmran Xan Azərbaycanla bağlı "qardaş ölkə" ifadəsini işlədərək yayımladığı mesajda, ölkəsinin Bakının yanında olduğunu və onun qanuni müdafiə haqqını dətəklədiyini bildirib. Rəsmi İslamabad Azərbaycanın ərazi bütövlüyünün dərhal, qeyd-şərtsiz bərqərar olmasını və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsini də istəyib. Həmçinin, İslamabad ölkəmizə hərbi müstəvidə də ciddi dəstək verib və verməkdədir. 
44 günlük Vətən Müharibəsi dövründə yadda qalan məqamlardan biri də heç şübhəsiz ölkə boyu hər yerdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağının da qaldırılması hadisəsi idi. İslamabad hələ də Ermənistanı bir dövlət olaraq tanımır. 
Bu mənada, Türkiyədən sonra, "Şuşa Bəyannaməsi”nə oxşar növbəti bir bəyannamənin də olması vacib olarsa, sözsüz ki, ilk növbədə belə bir sənədin məhz Pakistanla imzalana biləcəyi mümkün olmaqla yanaşı, həm də gözləniləndir. 
Heç şübhəsiz, Türkiyə ilə imzalanan sözügedən sənəd Azərbaycanın mövqeyinin möhkəmlənməsinə, ona kənardan edilən təhdidlərin zəifləməsi və azalmasına gətirib çıxarıb. Bu mənada, anoloji bəyannamənin nüvə silahına malik Pakistanla da imzalanması Azərbaycanı rəsmi şəkildə faktiki addımlarla dəstəkləyən dövlətlərin sayının artması demək olacaq. Azərbaycan bununla özünün  müdafiə dayaqlarının daha da gücləndirilməsinə nail ola bilər. 
Bu isə gələcək perspektivdə, Bakı-Ankara-İslamabaddan ibarət güclü hərbi birliyin yaranmasına da stimul verə bilər. 
Rüfət Sultan