"2020-ci ildə Rusiya Federasiyasının idxal etdiyi meyvənin həcmi 2 faiz artaraq 5.2 milyard dollar təşkil edib. Rusiyaya ilk 5 meyvə ixracatçı sırasında Türkiyə, Ekvador, CAR, Misirlə yanaşı Azərbaycan da var. Düzdür, Azərbaycandan bəzi hallarda İran və Türkiyə məhsulları da idxal edilir və Rusiyada bundan xəbərdardılar, amma istənilən halda, tendensiya müsbətdir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı Qaşqay İsmayıl bildirib.
İqtisadçı hesab edir ki, hökümət böyük resurslar tələb edən pambıq və pomidor əvəzinə bağçılığın inkişafında maraqlı olmalıdır:

"Ölkənin kənd təsərrüfatına cavabdeh olan şəxslər, yaxşı olardı ki, böyük su resursları tələb edən pambıq, yaxud qaz sərfiyyatı baxımından baha başa gələn pomidor əvəzinə, ənənəvi olaraq Azərbaycan kəndlisinin üstün olduğu bağçılığı stimullaşdırsınlar. Ölkənin torpaq, su ehtiyatları, iqlim şəraiti, Rusiya, həmçinin Avropa bazarlarına çıxış imkanları bağçılıq üçün idealdır. Kür çayının quruduğu bir dövrdə, azalmaqda olan su ehtiyatlarını kəndliyə normal gəlir gətirməyən pambığa xərclmək əvəzinə, fermerlərə bağçılıq üçün kreditlərin ayrılması, ən mühümü isə, ixracın stimullaşdırılması, regionların həqiqətən də dirçəldilməsinə gətirib çıxara bilərdi. Hal-hazırda Azərbaycan kəndlisinin əsas ehtiyacı, heç də Olimpiya Komplekslərinə yaxud divarların bəzədilməsinə deyil, effektiv gəlir gətirən, paytaxta axının qarşısını ala bilən istehsalat sahələrinin yaradılmasınadır.
Neft gəlirlərinin ölkəni təmin edə bilməyəcəyi dövr yaxınlaşdıqca, alternativ mənbələrin tapılması həyati əhəmiyyət kəsb edir”.