"Partiya sədrinin təkbaşına rəhbəri olduğu təşkilatın fəaliyyətini dayandırmaq səlaiyyəti yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Mirəli Hüseynov partiya sədrlərinin təşkilatın ali orqanı və üzvlərinin qərarı olmadan partiyaların fəaliyyətinin dayandırması məsələsinin qanunvericilikdə necə tənzimlənməsi yollarını izah edərkən deyib.
Hüquqşünas bildirib ki, partiyanın fəaliyyəti onun nizamnaməsi ilə tənzimlənir:
"Partiyanın özünü buraxması və yaxud da fəaliyyəti ilə bağlı önəmli qərarlar nizamnamə ilə müəyyən edilir. Partiya sədri təşkilatın buraxıldığını elan etmək istəyirsə, ilk növbədə təşkilat üzvlərinin, ali orqanın rəyini almalıdır. Partiya ali orqanı məsələyə münasibət bildirməlidir, konkret olaraq Ali Məclis yığışmalı konfrans, qurultayı çağırmalı və müvafiq qərarlar qəbul olunmalıdır. Əgər partiya sədri bu sadalanan prosedurlara əməl etmədən partiyanın buraxıldığını elan edirsə, bu qərarın heç bir hüququ qüvvəsi yoxdur. Bu halda partiyanın üzvlərinin ona etiraz etmək səlaiyyəti var. Belə olarsa, partiya üzvləri, eyni zamanda ali orqan toplaşaraq iclas keçirib bununla bağlı münasibətlərini ortaya qoya bilərlər”.
"Partiya sədri heç kimə xəbər etmədən partiyanın fəaliyyətini dayandırsa, onu hansı cəza gözləyir” sualına cavab verən ekspert bildirib ki, bununla bağlı qanunvericilikdə hər hansı cəza növü mövcud deyil:
"Bu daha çox partiyadaxili intizam məsuliyyəti yarada, partiya rəhbərinə qarşı bir etimadsızlıq formalaşdıra bilər”.
Mirəli Hüseynov vurğulayıb ki, qanunvericilikdə partiyanın fəaliyyətinin dayandırılması yolları göstərilir:
"Birincisi, partiya özünün müvafiq qurumları tərəfindən bunu elan edir. İkincisi, partiyanın ali orqanlarının iclası çağırılır və məsələ müzakirə olunaraq, müvafiq qərar qəbul edilir. Qanunvericilikdə daha bir hal nəzərdə tutulub - partiya müvafiq ölkə qanunlarını pozmuş olduğu halda onun barəsində inzibati tədbirlər görülür. Müvafiq qanunvericilik müddəaları pozularsa, bu halda konkret olaraq Ədliyyə Nazirliyinin təqdimatı əsasında məhkəmə yolu ilə partiyanın fəaliyyətinə xitam verilir”.
Bahar Rüstəmli