
“İstehlak bazarında mümkün qədər Ukrayna məhsullarına üstünlük verək...”
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Azərbaycan xalqına müraciət edib. “Yeni Müsavat”a təqdim olunan müraciətdə Əli Əliyev Azərbaycan vətəndaşlarını bazardakı Ukrayna məhsullarını da çox almağa, Rusiya məhsullarında isə imtinaya çağırıb. Səbəbini isə Rusiyanın son vaxtlar işğalçılıq siyasətini yürütməyə başlaması ilə əsaslandırıb.
VİP sədri Azərbaycana Rusiyadan çox böyük təhlükənin yaxınlaşdığını bəyan edib: “Azərbaycan Respublikasının 1991-ci ildə müstəqilliyi bərpa edildikdən sonra, bir sıra ciddi sınaqlarla üzləşmişik. Torpaqlarımızın işğalı, şəhidlərimiz, qaçqın və məcburi köçkünlərimiz- müstəqilliyimizin bahasıdır, 50 milyonluq millətin dövlətə sahiblənməsi üçün ödədiyi ”vergi"dir. Görünür, müasir dünyada siyasi baxımdan ayağa qalxmaq asan deyil. Bunu son ilyarımda yaşadığımız dönəm də təsdiq edir. Rusiyanın Azərbaycana qarşı xüsusilə 2012-ci ilin noyabr ayından başlayaraq sərgilədiyi təhdid dolu “diplomatik” mövqe bütövlükdə regionumuzun gələcəyini sual altına alır. Kremlin yeni imperiya qurmaq cəhdləri 2013-cü ilin prezident seçkilərinin hazırlıq mərhələsində açıq bəyan edildi.
Ənənəvi şovinizm silahı ilə yaraqlanmış Putinin hərbi-siyasi ideoloqları Azərbaycanı müvəqqəti “dinc”ə qoyaraq, Ukraynanı hədəfə alıblar. Krımı ilhaq etdikdən sonra rəsmi Moskva iqtisadi müstəvidə Ukraynanı çökdürmək, sındıraraq tərkibinə qatmaq məqsədinə doğru hərəkətdədir. Hamımız üçün əvəzedilməz dəyər olan dövlətimizin taleyi bu gün həm də Ukraynada həll edilməkdədir. Rusiyanın oyanmış imperiya geninin Ukraynada dayandırılması zərurəti tam ciddiliyi ilə ortadadır. Belə ağır durumda qardaş ukraynalıların yanında olmağımız son dərəcə vacibdir. Bu işdə cəmiyyətimizin bütün seqmentləri Ukraynaya bacardığı şəkildə dəstək olmalıdır".
Əli Əliyev hesab edir ki, bizlər ukraynalılara iqtisadi müstəvidə onlara qarşı həyata keçirilən müharibədə dəstəkçi olmaqla, həm də özümüzü aqressiyadan sığortalamış olardıq: “Vətəndaş və İnkişaf Partiyası olaraq, hamını "Ukraynaya dəstək" aksiyasına qoşulmağa dəvət edirik. Şüurlu şəkildə istehlak bazarında mümkün olan qədər Rusiya istehsalı olan məhsullardan imtina edərək, qarşılığında seçim mümkün olduqda, Ukrayna məhsullarına üstünlük verməyə çağırırıq. Düşünürük ki, bu yolla azadlığını qorumağa can atan qəhrəman ukraynalılara və bütün azadlıqsevərlərə dəstək verər, Rusiyanın timsalında isə təcavüzkarı qismən də olsa, zəiflədərik".
VİP sədrinin fikrincə, eyni zamanda, cəmiyyətin bu aksiyada geniş təmsilçiliyi məsələnin iqtisadi dəyərindən daha çox olan mənəvi tərəfinin - Azərbaycan cəmiyyətinin azadlığa verdiyi önəmin təcəssümü olardı.
Musavat.com