
Əli Əliyev: “Bu da müxalifət daxilində separatizmin əlamətidir”
“Müxalifətin birləşməsinin tərəfdarıyam, amma kiminsə bayrağı altında yox. Kimsə öz nüfuzundan istifadə edib şəxsi planlarını həyata keçirmək üçün müxalifət birliyində spekuliyasiya edə bilməz”.
Bunu Qaynar.info-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev tanınmış kinorejissor Rüstəm İbrahimbəyov dediklərinə münasibət bildirərkən deyib.
R.İbrahimbəyovun mübarizəsini müsbət qiymətləndirən partiya sədri onun son çağırışından narazı olduğunu bildirib: “Rüstəm bəyin fəaliyyətini o baxımdan müsbət qiymətləndirirəm ki, o, ölkədə xofun götürülməsində, demokratiyanın təbliğ olunmasında xeyli mübarizə aparıb. Onun verdiyi bəyanat da müsbət qiymətləndirilməlidir, çünki biz də hesab edirik ki, müxalifət qüvvələri bir araya gəlməsə ölkədə dəyişiklik olmayacaq. Ancaq onun müraciətində bir məqam var. Rüstəm bəy öz baxışlarına uyğun partiyaları sıralayıb. Bu yanaşma subyektiv yanaşmadır və bu cür yanaşmalarla yaradılacaq qurumun perspektivinə inanmıram. Bir neçə partiya Rüstəm bəyin göstərişləri əsasında görüşlər keçirirlər, məsləhətləşmələr aparırlar. Bu da müxalifət daxilində separatizmin əlamətidir. Milli Şura ideyası ona məxsusdur. Burada icraçı kimdi məsələnin başqa tərəfidir. Bildiyimə görə, Milli Şuranın başında Rüstəm bəy özü durmaq istəyir. Təbii ki, ölkəyə gələ bilsə”.
Ə.Əliyev İbrahimbəyovun dediyi "Milli Şuraya böhtanları müxalifətdəki hökumət adamları yayırlar" fikrinə də münasibət bildirib: “O çox söz deyə bilər. Mən bu məsələdə istənilən statusu olan şəxslə polemikaya getməyə hazıram. Mənə görə, Milli Şura ideyası və onunla bağlı fikirlər daha çox Kremlidən qaynaqlanır. “Milyarderlər İttifaqı” da Putin hakimiyyətinin, Azərbaycanın Avrasiya ittifaqına sürüklənməsi layihəsinin tərkib hissəsidir. Rüstəm bəy də mətbuatda həmin ittifaqla əlaqəsi olduğunu demişdi. Həmçinin o deyib ki, Azərbaycanda “Milyarderlər İttifaqı”nın koordinatorudur. Mən də həmin layihəni Azərbaycan maraqlarına zidd hesab etdiyimdən bu məsələni qaldırmışam. Rüstəm bəy həmin ittifaqla əlaqəli şəxs kimi sübut etsin ki, həmin klub Azərbaycana siyasi baxımdan nə fayda verəcək. Nə qədər ki, bu sübut ortada yoxdur, nə qədər ki mənim arqumentlərim onların arqumentlərindən üstündür, mən dediyimdən dönməyəcəyəm. Heç kəs öz şəxsi nüfuzundan istifadə edib Azərbaycan xalqının əldə etdiyi müstəqilliyi şəxsi maraqlarına qulluq etdirə bilməz”.