Əli Əliyev: “İki partiyanın baxışı bizim baxışımızdan fərqli oldu, burada faciə yoxdur”
“Həmin partiyalarla münasibətlərimiz normal olaraq qalır. Düşündük ki, həmin partiyalarla münasibətlərimizi başqa formatda davam etdirək”.
Bunu
Qaynar.info-ya Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Yaşıllar Partiyası ilə Ədalət Partiyasının blok yaratmalarına münasibət bildirərkən deyib. Partiya sədri bildirib ki, proseslərə iki partiyanın baxışı bizim baxışımızdan fərqli oldu: “Ona görə əvvəlcə irəli sürülmüş 3 partiyanın blok yaratması baş tutmadı. Burada faciə yoxdur. Seçki öncəsi həmin partiyalar blokda fəaliyyət göstərə bilərlər. Bu bizim əməkdaşlığımızı və yaxud fəaliyyətimizi koordinasiya edən hal deyil. Hesab edirik ki, həmin partiyalar bir blokda təşkilatlanırlar. Əvvəllər 3 partiya ilə əməkdaşlıq məsələsində namizədlik gündəmdə deyildi. Əgər belə olsaydı, bizim bloka baxışımız da fərqli olardı”.
Qeyd edək ki, Azərbaycanın iki müxalifət partiyası - Yaşıllar və Ədalət partiyası “Vətən” blokunun yaradılması ilə bağlı qərar qəbul ediblər. Yaşıllar Partiyasının sədri Mayis Güləliyev deyib ki, uzun müzakirədən sonra siyasi blokun adı "Vətən" olaraq qəbul edilib. Güləliyev bildirib ki, "Vətən" siyasi blokunun təqdimat mərasimi aprelin sonlarına planlaşdırılır. Blokun Əsasnaməsi, Proqramı razılaşdırılaraq qəbul edilib. Blokun yaradılmasında məqsəd 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılmaqdır.
İlkin
Qaynar.info