Xəbər lenti

Partiya sədrlərinin piketi təxirə salındı
Siyasət11:45 19.11.2014

Partiya sədrlərinin piketi təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Noyabrın 18-də Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən siyasi partiyaların (Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları) sədrlərinin iştirakı ilə növbədənkənar toplantı olub.

“Media forum” saytının məlumatına görə, toplantıda siyasi partiya sədrlərinin noyabrın 19-da Prezident Administrasiyası, Ali Məhkəmə və Baş Prokurorluq binaları qarşısında piket keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş xəbərdarlıq məktubuna meriyanın verdiyi mənfi cavab müzakirə edilib. Bakı Şəhər İcra Hakimiyyətinin qadağası qanunsuzluq və ölkədə sərbəst toplaşma azadlığının pozulması kimi dəyərləndirilib. Eyni zamanda hesab edilib ki, 11 siyasi partiya sədrinin siyasi məhbuslara azadlıq şüarı ilə piket keçirmək niyyəti ətrafında geniş informasiya axınının getməsi və hakimiyyətin piketi qadağan etməsi siyasi məhbus probleminə və sərbəst toplaşma azadlığına diqqət cəlb edilməsi ilə nəticələnib və bu baxımdan aksiya qismən də olsa öz məqsədinə çatıb. Aksiyanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılacağı təqdirdə keçirilməsi barədə partiya sədrlərinin mövqeləri nəzərə alınaraq noyabrın 19-na təyin olunan aksiya təxirə salınıb. Bununla belə, siyasi məhbuslara azadlıq tələbi ilə kütləvi aksiyalar keçirməyin gündəmdə saxlanması lazım bilinib.

Daha sonra Demokratiya və İnsan Haqları Mərkəzində əməkdaşlıq edən bir sıra partiya rəhbərlərinin Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla görüş üçün müraciəti ilə bağlı məsələ barədə məlumat dinlənib. Eyni zamanda toplantı iştirakçılarına Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin və Azadlıq Partiyasının sədri Əhməd Orucun ABŞ səfirliyindəki görüşü barədə məlumat verilib.

Qaynar.info