Xəbər lenti

Siyasət 15:40 13.09.2023

Partiyaların sayı azaldı: İndi nə baş verəcək?

"Bundan sonra, siyasi partiyaların fəaliyyəti müəyyən qədər canlanacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli partiyalar haqqında yeni qanundan irəli gələrək yeni siyasi konfiqurasiyanın nə vəd etdiyinə aydınlıq gətirərkən deyib.

Onun fikrincə, siyasi partiyaların konfiqurasiyasının dəyişməsi labüd məsələ kimi qiymətləndirilə bilər:

"Azərbaycanda  keçən əsrin 90-cı illərin əvvəllərində çoxsaylı partiyalar yarandı. Lakin bu partiyalar cəmiyyətin siyasi həyatında əhəmiyyətli təsirə malik olmadılar. Partiyalarda bir növ marginallaşma getdi. Ona görə də siyasi partiyaların yeni konfiqurasiyasının yaradılması məsələsi meydana çıxdı”.



Qulamhüseyn Əlibəyli vurğulayıb ki, qəbul edilən yeni qanun siyasi partiyalara münasibətdə çox sərt qaydalar müəyyənləşdirir:

"Amma bütün hallarda qəbul edilən qanun özünü doğruldur. Çünki siyasi partiyalar potensial hakimiyyət daşıyıcılarıdır. Bu baxımdan da onlara münasibətdə sərt tələblər qoyulmalıdır. Yenidən qeydiyyatdan keçən partiyaların mütləq əksəriyyəti, bir-ikisini çıxmaq şərtilə, əvvəllər ölkənin siyasi həyatında bu və ya digər dərəcədə iştirak etmiş partiyalardır".

Hüquqşünas bildirib ki, yeni konfiqurasiya ilə prosesdə əhəmiyyətli bir yeniliyin baş verəcəyini də düşünmür:

"Hər halda, partiyaların üzvlərinin sayının artmasını nəzərə alaraq hesab edirəm ki, siyasi təşkilatların fəaliyyəti müəyyən qədər canlanacaq. Partiya funksionerləri oturduqları kabinetlərdən, virtual aləmdən çıxaraq, seçicilərlə görüşlərə getməsə heç nə dəyişməyəcək. Onlar seçicilərlə əlaqə saxlamalı, öz platformalarını yaymalıdırlar. Nəhayət, hakimiyyətin hər addımına kor-koranə "yox” deməkdən çəkinərək, əvəzində özlərinin müəyyən platforma və proqramlarını təqdim etməlidirlər. Amma indiyə qədər olduğu kimi fəaliyyətlərini davam etdirəcəklərsə, ciddi dəyişikliklərin olacağına inanmıram”. 

Qeyd edək ki, cari ilin yanvarında partiyalar haqqında qəbul edilən yeni qanuna qədər Azərbaycanda 59 siyasi partiya qeydiyyatdan keçmişdi. İndi isə cəmi 23 partiya yeni qanundan irəli gələn bütün kriteriyalara cavab verməklə fəaliyyətlərini davam etdirir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->