Siyasət 12:50 12.11.2022

“Paşinyan ağlını itirib, onun ciddi psixoloji problemləri var” - Politoloq

Ermənistan baş naziri Nikol Paşinyan bir tərəfdən bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, digər tərəfdən isə yenə də ölkəmizin daxili işlərinə qarışmaqda davam edir. Bu günlərdə o, erməni televiziyasına müsahibəsində bildirib ki, yalnız Rusiya Qarabağda münaqişənin həll olunduğunu elan edə bilər. 

Paşinyan qeyd edib ki, Rusiya münaqişənin həll olunduğunu sülhməramlıların ərazini tərk etməsi və ətrafda yaşayan insanlar üçün heç bir təhlükənin olmadığını bildirdikdə münaqişənin öz həllini tapdığını deyə bilərik. Paşinyan vurğulayır ki, münaqişə həll olunmadan Rusiya sülhməramlılarını geri çəksə, əraziyə beynəlxalq sülhməramlı qüvvələr nəzarət edəcək. Bu fonda da Paşinyan ABŞ-ın regiondakı rolunu tərifləyərək, bəyan edib ki, Vaşinqtonun bölgəmizə gəlişi "bizi sevindirir". 

Paşinyanın bu açıqlaması birmənalı olaraq Azərbaycanın daxili işlərinə müdaxilədir. Birincisi, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişə həll olunub. İkincisi, ölkəmizin ərazisinə istər beynəlxalq, istərsə də digər adda hər hansı bir sülhməramlı qüvvələrin gətirilib-gətirilməməsi Azərbaycanın daxili işidir. Bu məsələyə kənar qüvvələr, o cümlədən Paşinyanın özü də heç bir vəclə müdaxilə edə bilməz. 

Erməni baş nazirinin Qarabağda münaqişənin həll olunub-olunmadığını yalnız Rusiyanın elan edə biləcəyini deməsi əslində bir müddət əvvəl rus sülhməramlılarının bölgədə qalma müddətinin 15-20 ilə qədər uzadılması barədə səsləndirdiyi sərsəm təklifə don geyindirmək məqsədi daşıyır. Bununla sanki Moskvanı məhz, bu istiqamətdə hərəkətə keçməyə şirnikləndirir. Bu açıqlaması ilə Paşinyan həm Rusiyanı, həm də ABŞ-ı tərifləyir. Bu isə o anlama gəlir ki, erməni baş nazir hələ də hər iki güc mərkəzindən bərk-bərk yapışmaqda davam edir. 

Politoloq Cümşüd Nuriyev Qaynarinfo-ya açıqlamasında bildirir ki, Paşinyanın bu bəyanatlarının heç bir hüquqi və siyasi əsası yoxdur, o Azərbaycan ərazisi barədə hansısa siyasi hökm vermək səlahiyyətində deyil:



"Rusiya sülhməramlılarının Qarabağdan çəkilməsindən sonra beynəlxalq sülhməramlılarının əraziyə dəvət olunması ümumiyyətlə, nonsensdir. Beynəlxalq hüquqda belə bir şey yoxdur. Paşinyan əvvəlki fikirlərində söyləyir ki, Qarabağda gələcəkdə hər hansı bir hadisənin olmayacağını Rusiya bəyan etsin. Bu təxribat xarakterli gedişdir. Ərazi Azərbaycanındır. İlham Əliyev bəyan etdi ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etsələr, digər vətəndaşların malik olduqları bütün hüquqlar onlara da şamil ediləcək. Soçi görüşündə isə Azərbaycan Prezidenti bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi iki il öncə həll olunub. Belə olan halda Paşinyan indi nəyi həll etmək istəyir? 

Görünür bu adamın psixoloji problemləri var. Axşam bir fikir bildirir, səhər isə tamam fərqli fikirlər səsləndirir. Paşinyanın bu fikirləri tragikomediya janrında olan fikirlərdir. Bir tərəfdən o, erməniləri qızışdırır. Digər tərəfdən, bütün məsuliyyəti rusların boynuna atır. Başqa bir tərəfdən ABŞ-ı tərifləyir. Soçi görüşündən üzü bəri Paşinyan ən azı bir-birinə zidd 7-8 istiqamətdə çıxış edir. Deməli o, idarə olunmayan və ağılsız bir adamdır”.

Rüfət Sultan