Ermənistan mətbuatının yazdığına görə, baş nazir Nikol Paşinyan dünən ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Müzakirələrdə əsas diqqət Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi istiqamətində atılacaq addımlara yönəldilib.
Ermənistan hökuməti mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı tərəflər beynəlxalq dairələrin iştirakı ilə Bakı ilə Xankəndi arasında dialoqun vacibliyi də daxil olmaqla Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyinin müdafiəsi istiqamətində addımları müzakirə ediblər.
Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Paşinyan Blinkenlə danışıq zamanı Qarabağ erməniləri məsələsini qabartmaqla əslində Ağ Evin həmin məsələ ilə bağlı mövqeyində müəyyən dəyişikliyə nail olmaq istəyib:
"İlk növbədə bu onu göstərir ki, İrəvan hələ də eyni, köhnə mahnını çalmaqda davam edir. Paşinyanın Blinkenlə danışıqlar zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsini qaldırması onu göstərir ki, İrəvan bu məsələdə Vaşinqtonun tutduğu mövqedən narahatdır. Bildiyimiz kimi, ABŞ erməni icması ilə Bakı arasında danışıqlardan yana bir siyasəti müdafiə edir və bu icmanın Azərbaycanın tərkibində təhlükəsiz şəkildə yaşamasının mümkünlüyünə inanır. Bununla bağlı ABŞ-ın Ermənsitandakı səfirinin açıqlaması da var. Həmin açıqlama Ermənistanda böyük şok yaratdı. Dərhal da Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a yola salındı. Paşinyan da telefon danışığında əsasən Qarabağ erməniləri məsələsini qabartmaqla Ağ Evin həmin məsələ ilə bağlı mövqeyində müəyyən dəyişikliyə nail olmaq istəyir”.
Ekspert bildirib ki, kimsə Azərbaycanı bu məsələdə öz istəyindən kənar addımlar atmağa məcbur edə bilməyəcək:
"Azərbaycan qalib ölkədir, ikincisi bu ərazilər ölkəmizin suveren hüquqlarına daxil olan ərazidir. Digər tərəfdən, Azərbaycan öz vətəndaşları ilə hər hansı bir üçüncü ölkənin iştirakı ilə danışmaq istəmədiyini dəfələrlə bildirib. Ona görə də bu məsələ ilə bağlı kimsə Azərbaycanı öz istəyindən kənar addımlar atmağa məcbur edə bilməz. Bunun üçün siyasi və hüquqi zəmin yoxdur. Beynəlxalq hüquqda etnik azlıqların hüquqları necə təsbit olunubsa və bütün dünya dövlətlərində bu hüquqa yönəlik hansı davranış varsa, eyni şeyi Azərbaycan da tətbiq edir. Başqa bir tərəfdən, Azərbaycanda milli azlıq olaraq təkcə ermənilər yaşamır. Nəyə görə, ləzgilərdən, talışlardan, tatarlardan üstün hansısa bir milli azlığa yeni imtiyazlar verilməlidir? Ermənilərin bu istəyi gələcəkdə Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid ola biləcək hiylədir. Buna Azərbaycan imkan verməyəcək. Azərbaycan tərəfindən növbəti hərbi-siyasi hadisələrin yaradılması zamanı yetişib”.
Rüfət Sultan