Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əlinin Brüsseldə keçirdiyi görüş nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə olunmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab zamanı bildirib.
Paşinyan xatırladıb ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən ən azı ikisi həmin müzakirələri alqışlayıb və dəstəkləyib. Və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən edilmiş prinsipləri bir daha təsdiqləyib.
Baş nazir qeyd edib ki, Minsk qrupunun həmsədri olan Rusiya prezidenti ilə ikitərəfli bəyanatda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyi və bu işdə ATƏT-in Minsk qrupunun həmsədrliyinin potensialından istifadə edilməsi qeyd olunub.
"Brüsseldə Qarabağ məsələsi ilə bağlı çox ciddi müzakirələr aparıldı və nəticədə Ermənistan və Azərbaycanın mövqeləri arasında fikir ayrılıqları qeydə alındı. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan isə hesab edir ki, münaqişə həll olunmayıb. Və sülh danışıqlarının mümkün kontekstində bilirsiniz ki, Azərbaycan özünün 5 prinsipini təqdim edib və biz bununla bağlı müşahidələrimizi, gündəliyimizi təqdim etmişik. Biz demişik ki, danışıqlar bu əsasda aparılmalıdır. Bizim təklif etdiyimiz təklif paketində Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi, hüquqları və Dağlıq Qarabağın yekun statusunun dəqiqləşdirilməsi prinsipləri qeyd olunub. Müzakirələr nəticəsində tərəflər arasında razılıq əldə olunmadığından, Avropa Şurasının sədri şəxsi fikri olaraq, hər iki tərəfin mövqelərindən mümkün qədər çox elementi əks etdirəcək şərhlər vermək qərarına gəlib. Bu nə qədər dəqiqdir, nə dərəcədə doğrudur, başqa sualdır. Başqa bir məsələ odur ki, biz öz mövqelərimizi bildirdik, təbii ki, o mövqelərdə heç bir dəyişiklik yoxdur. Və biz bu yolla getməyə davam edəcəyik", deyə Paşinyan bildirib.