Ermənistan baş naziri Nikol Paşinyan dünən parlamentdə təmsil olunmayan müxalifət təmsilçilərilə görüşüb. Görüşdə "Respublika” partiyasının lideri Aram Sarkisyan, Ermənistan Avropa Partiyasının sədri Tiqran Xzmalyan, Ermənistan Xristian-Demokrat Partiyasının rəhbəri Levon Şirinyan, "Vahid Vətən” partiyasının lideri Mher Terteryan, "Hnçakyan” Sosial-Demokrat Partiyasının rəhbəri Sedrak Açemyan, "Vətən gücü” partiyasının lideri Tiqran Arzakantsyan iştirak edib. Məsləhətləşmələr zamanı hansı məsələlərin müzakirə edildiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, hazırda Paşinyana qarşı duran qüvvələr əsasən parlamentdə təmsil olunan müxalif partiyalardır. Bunlar da keçmiş prezidentlər Köçəryanla Sarkisyana bağlı qüvvələrdən ibarətdir. Parlamentdən kənarda qalan müxalifət isə ümumən Paşinyana loyal münasibət bəsləyir və ya gözləmə mövqeyi tutur. Paşinyanın görüşdə hansı məsələləri müzakirə etdiyi bəlli olmasa da, aydın görünən odur ki, baş nazir belə təmaslardan öz mövqeyini möhkəmləndirmək üçün yararlanacaq. Belə ki, payıza doğru baş nazirin istefasını tələb edən radikal müxalifətin yenidən aktivləşəcəyi gözlənilir. Bu istiqamətdə ilk etirazlar artıq baş da verib. Paşinyan bundan narahat olduğundan müxalifətin müəyyən kəsimilə görüşməklə yəqin ki, onların prosesdə loyallığına nail olmağa çalışır. Digər tərəfdən, görüşdə 12-13 sentyabr olaylarını və Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsinin bəzi detallarını da müzakirə edə bilər.
Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev bildirir ki, Paşinyan belə görüşü təşkil etməklə sülh müqaviləsini, Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələsindəki mübahisəli bəndlərlə bağlı müxalifətin nəbzini yoxlayır:
"Paşinyan sözügedən müxalifət təmsilçilərilə görüşdə bir sıra məsələləri müzakirə edə bilər. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi gündəmdədir. Mümkündür ki, Paşinyan da sənədin gündəliyində Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası məsələlərinə dair mübahisəli bəndlərlə bağlı ictimai fikri öyrənmək istəyir. Məsələ ondadır ki, müxalifət ehtimal olunan razılaşmanı Paşinyanın əleyhinə çevirə bilər. Buna görə də Paşinyan əks qütbün reaksiyasını qabaqcadan öyrənmək qərarına gəlib. Bu kimi görüşlərlə baş nazir real vəziyyəti müxalifətlə bölüşmək qərarına gəlib. Digır tərəfdən, həmin görüş ehtimal olunan yeni hərbi əməliyyatlar zamanı vahid siyasi cəbhə formalaşdırmaq məqsədi daşıya bilər. Ermənistanda bu məsələdə fikir ayrılıqları qütbləşməyə doğru belə gedib. Müxalifət Paşinyanın ən kiçik səhvlərini belə etiraz aksiyalarına qədər qaldırır. Paşinyan da görüş təşkil etməklə bunu neytrallaşdırmaq istəyir. Baş nazir real vəziyyəti müxalifətlə bölüşmək qərarına gəlib”.
Rüfət Sultan