Ermənistan ərazisindən keçən heç bir "dəhliz” yoxdur, ola da bilməz. Dünyada heç kim Ermənistanla bu məsələni müzakirə etmir.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 14-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.
Baş nazirin sözlərinə görə, Ermənistan digər ölkələrin rəyi ilə o qədər də maraqlanmır, xüsusən də söhbət onun suverenliyindən gedəndə.
"Ermənistan dünyanın ən böyük və təəssüf ki, ən qüdrətli dövləti olmasa da, suverenlik məsələsində başqalarının fikri bizi o qədər də maraqlandırmamalıdır. Biz Ermənistanın suveren ərazisindən heç bir dəhliz və ya ərazi verməyəcəyik. Bundan başqa, Ermənistan bütün müttəfiqləri, o cümlədən beynəlxalq ictimaiyyətlə bu məsələni müzakirə edib, ortaq anlaşmaya gəlib. Elə bir ölkə yoxdur ki, müzakirələrdə dəhlizdən danışsın. Və birdən belə bir ölkə meydana çıxarsa, o zaman biz bu cür müzakirələri dərhal dayandıracağıq. Axı biz heç bir dəhliz müzakirə etmirik”, - deyə Ermənistanın hökumət başçısı bildirib.
O, xüsusilə, 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndini xatırladıb. Oxumağı bacaran hər kəs orada "Ermənistandan keçən dəhliz” ifadəsini tapmağa cəhd edə bilər.
"Doğrudan da dəhlizdən bəhs edilir. Amma söhbət Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizindən gedir”, - Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, sentyabrın 13-də hərbi əməliyyatlar başlayandan Azərbaycan tərəfi daha 10 kv.km ərazini ələ keçirib. Paşinyan bildirib ki, hazırda Ermənistan Silahlı Qüvvələri bunun nəticələrini aradan qaldırmaq üçün çalışır.
Nizami Bağırov