"Rusiya Türkiyə və Azərbaycanla birbaşa danışıqlara getmək istəyinin qarşısını almaq üçün Paşinyanı Moskvaya çağırıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın oktyabrın 12-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə olacaq görüşünü şərh edərkən deyib.
Politoloq qeyd edir ki, bu görüşlərin təşəbbüskarı hər zaman Rusiya olub:
"Bu görüşlərin heç birinin təşəbbüskarı Paşinyan olmayıb. Təşəbbüskar rolunda hər zaman Kreml çıxış edib. Qeyd edim ki, Paşinyan yenidən seçiləndən sonra İrəvandan Moskvaya səfərlər artıb. Seçkilərdən sonra Paşinyan özü bir dəfə, habelə Ermənistan müdafiə və xarici işlər nazirləri də Moskvada olublar. Bu səfərlərin hamısının təşəbbüskarı da Rusiya olub”.
Həmsöhbətimiz bildirir ki, Moskvanın budəfəki dəvətdə məqsədi regionda baş verən son hadisələr fonunda Paşinyanı istiqamətləndirmək, ona müəyyən tapşırıqlar vermək, siyasətini necə aparmaq lazım olduğunu göstərmək və hədə-qorxu gəlməkdən ibarətdir:
"Paşinyan indiki halda Rusiyadan heç nə istəməz. İstədiyini artıq istəyib, çoxuna da rədd cavabı alıb”.
Ə. İbrahimov düşünür ki, Paşinyanın Bakı və Ankara ilə yaxınlaşmaq niyyəti və bu istiqamətdə səsləndirdiyi fikirlər Moskvanı narahat edib:
"Məsələ ondadır ki, Ermənistanın baş naziri Rusiyanın nəzarətindən kənar fəaliyyət göstərmək istəyir. Paşinyan Azərbaycan və Türkiyə ilə kənar himayə olmadan birbaşa danışıqlara getmək istəyir. Ona görə də Gürcüstan baş nazirindən Türkiyə ilə münasibətlərin düzəldilməsində yardımçı olmağı xahiş edir. Onun bütün bu addımları isə Moskvanı hiddətləndirir, qısqanclıqla qarşılanır. Məhz bu istiqamətdə Paşinyanın son jestləri Moskvada İrəvanla danışmağa müəyyən səbəblər yaradıb. Bu səbəbdən də tez-tez Paşinyanı Rusiyaya çağırırlar”.
Rüfət Sultan