"Azərbaycan dəfələrlə sülh tərəfdarı olduğunu bəyan edib və İrəvana 5 prinsip təqdim edib. Ermənistan isə bu 5 prinsipdən yalnız 3-ü üzərində dayanır. Digər prinsiplər çox əhəmiyyətlidir. Çünki qarşılıqlı ərazi iddialarından imtina və hərbi gücdən istifadə edilməməsi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qaldıqları barədə səsləndirdiyi fikri şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Nikol Paşinyan hər zaman qəliz danışır ki, bunu özündən başqa heç kəs anlaya bilmir:
"Əslində, bu səviyyədə danışmaq ona imkan verir ki, dediklərini sabahı gün başqa formada açıqlaya, təhlil edə bilsin. Bu da bir erməni hiyləgərliyidir. Paşinyan bəzi dəyişikliklərdən danışırsa, bu dəyişikliklər Ermənistanda da baş verir. İrəvan bir tərəfdən 3 prinsipə razılaşdığını və sülhə hazır olduğunu deyir, digər tərəfdən də intensiv şəkildə silahlanır. Bunlar sülh məsələsində müəyyən mənada tormozlayıcı element kimi iştirak edir. Azərbaycanda gələn ilin fevralın 7-də prezident seçkiləri olacaq. Bu ciddi siyasi hadisə olmaqla bərabər, sülh müqaviləsini əngəlləyəcək amil deyil. Ermənistanda hələ də revanşist qüvvələr mövcuddur. Belə olan halda, Azərbaycana ərazi iddiasından imtina olunması prinsipi və hərbi gücün tətbiq olunmayacağı ilə bağlı qarantiya lazımdır".
Həmsöhbətimiz qeyd edib ki, bu zəmanəti isə sadəcə sülh müqaviləsində qeyd etməklə məsələ həll olunmur:
"Ən azından Paşinyanın imza atdığı və əksər müddəalarını yerinə yetirmədiyi 10 noyabr sənədi mövcuddur. Hazırda isə İrəvan bu sənəddən açıq şəkildə imtina edir. Düşmən ölkənin Konstitusiyasında Qarabağ Ermənistan ərazisi kimi qeyd olunub. Habelə, İrəvanın istinad etdiyi 1991-ci il Almata bəyanatı Ermənsitanın əlavələrilə imzalanıb. Həmin əlavələr də ləğv olunmayıb. Həmin əlavədə də Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Ona görə də Azərbaycana bu iki prinsip vacibdir".
Natiq Miri bildirib ki, sülh müqaviləsi Ermənstanda Konstitusiya referendumunun keçirilməsi və dediyi maddələrin dəyişdirilməsilə nəticələnməlidir:
"Yalnız bundan sonra hüquqi təminatdan danışmaq olar. Paşinyan bu cür qeyri-müəyyənlik yaratmaqla dolayısı ilə guya sülh tərəfdarı olduğunu bəyan edir. Əgər səmimidirsə, Konstitusiyanı dəyişmək üçün referendum keçirsin və sülh müqaviləsini imzalasın".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanması ilə bağlı suala cavabında artıq razılaşdırılmış üç prinsip əsasında sülh gündəliyinə sadiq qaldıqlarını deyib.
Rüfət Sultan