"Boş-boş danışmağın vaxtı çoxdan keçib. Paşinyan real olaraq sülh sazişinə imza atmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan baş naziri Paşinyanın Azərbaycanla imzalanmalı olan sülh sazişi məsələsində səsləndirdiyi 3 prinsiplə bağlı fikirlərini şərh edərkən deyib:
"Paşinyan sülh istiqamətində açıqlamalar versə də, hələ də bu istiqamətdə real, ciddi addımlar atmır. Hər dəfə bu istiqamətdə müəyyən fikirlər bildirir, bununla özünün guya sülhə hazır olduğunu göstərmək istəyir. Bu istiqamətdə dəfələrlə onun bir-birinə zidd bəyanatlarının şahidi olmuşuq. Amma real addımlar atmağa gələndə, ondan qaçmağa çalışır”.
Deputat vurğulayıb ki, Paşinyanın sülh sazişi imzalamasının vaxtı gəlib çatıb. İndi sülh sazişinin imzalanması üçün real şans var:
"Ona görə də Paşinyan bunu etməlidir. O, beynəlxalq ictimai rəyi yalnış bəyanatlarla aldatmamalıdır. Boş-boş danışmamalı, sülh sazişinə imza atmalıdır. Azərbaycan Paşinyanın uydurmasının əksinə olaraq, hər zaman sülh sazişini imzalamağa hazır olduğunu bəyan edib. Nəinki bəyan edib, bu istiqamətdə ardıcıl olaraq çalışmaqla prosesin tez bir zamanda reallaşmasına töhfələr verib. Lakin məhz Ermənistanın ikili oyununun nəticəsidir ki, bu günə qədər sülh sazişi hələ də imzalanmayıb”.
Qeyd edək ki, Ermənsitan baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı qısa zamanda sülh sazişinin imzalanması üçün 3 prinsipin əsas olduğunu bildirib. Onun fikrincə, Ermənistan və Azərbaycanın müvafiq olaraq 29,8 min kv.km və 86.6 min kv.km olmaqla bir-birinin ərazi bütövlüyünü tanıması, 1991-ci ilin Almaata deklorasiyasının sərhədlərin delimitasiya və demarkasiyası üçün əsas olmasına razılıq verilməsi, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əsaslanaraq regional kommunikasiyaların açılmasından ibarətdir. Ardınca qeyd edib ki, İrəvan sərhədlərin delimitasiya və demarkasiyası məsələsində 1975-ci il xəritəsində israrlıdır, amma sonradan tərtib edilən digər xəritələri də müzakirə etməyə hazırdır.
Rüfət Sultan