"İlin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün hər şey ediləcək”.
Erməni mətbuatının yazdığına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatla çıxış edib. Məlumata görə, belə açıqlamanı o, "Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki fraksiyasının üzvləri ilə görüşündə səsləndirib. Qeyd edək ki, son zamanlar sülh müqaviləsinin bağlanması istiqamətində müəyyən işlər görülüb. Həm Brüsseldə, həm də Moskvada bu yöndə bir sıra danışıqlar aparılıb. Hələlik sülh müqaviləsi imzalanmasa da, proses tədricən də olsa ona doğru gedir.
Paşinyanın məlum bəyanatını Qaynarinfo-ya şərh edən politoloq Tural Rzayev bildirib ki, tərəflərin istəkləri fərqli olsa da, hər ikisi qısa bir zamanda sülhün əldə edilməsində maraqlıdır:
"Ermənistan rəhbərliyi bunun üzərində çox çalışır. Çünki Ermənistana da Azərbaycan kimi sürətli sülh lazımdır. Əlbəttə ki, tərəflərin istəkləri fərqlidir. İrəvanın sülhün şərtlərilə bağlı fərqli yanaşmaları var. Azərbaycanın sürətli sülh istəmə səbəbi Ermənistandakı hazırkı hakimiyyətin dövründə məsələni yekunlaşdırmaq istəyindən qaynaqlanır. Ermənistanda revanşistlərin hakimiyyətə gəlməsilə bu proses tormozlana bilər. Bu istiqamətdə addımları da gördük. İstər Qarabağa rusiyalı milyarderlərin yatırım qoyması, istərsə də Ermənistanda daxili sabitliyin pozulmasına yönəlik hadisələr orada 90-cı illərdə cərəyan edən hadisələrin yenidən təkrarlanmasına, "Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsinə səbəb ola bilər. Belə hadisələr Paşinyanın hakimiyyətinin də sonunu gətiə bilər. Bu səbəbdən Paşinyan düşünür ki, sülh nə qədər tez əldə olunarsa, həm revanşistlərin iqtidara gəlməsinin qarşısı alınar, həm də xarici qüvvələrin proseslərə müdaxiləsinin qarşısını ala bilər”.
Ekspert qeyd edir ki, tərəflərin tez bir zamanda sülhün əldə edilməsini istəmələrinə rəğmən şərtlər fərqlidir:
"Delimitasiya və demarkasiya ilə bağlı ciddi problemlər yoxdur. Digər məsələlər Laçın yolu, Zənəgəzur yolunun statusu, buradakı buraxılış məntəqələrindəki vəziyyət və Qarabağın dağlıq hissisinin statusu ilə bağlıdır. Paşinyan hakimiyyəti son dövrlər göstərir ki, əslində Qarabağın statusu da İrəvan üçün o qədər də vacib deyil. Amma Paşinyan hazırda revanşistlər tərəfindən sıxılır. Onlar baş naziri ölkəyə xəyanət etməkdə ittiham edir. Belə mübahisəli məsələlər xaricində həm Bakı, həm də İrəvan mümkün qədər tez bir zamanda münaqişənin yekunlaşması tərəfdarıdırlar”.
Rüfət Sultan