"Bununla Paşinyan məsələni uzatmağa çalışır və müəyyən kataklizmlər nəticəsində Azərbaycandan Qarabağ məsələsində daha çox güzəştlər qopara biləcəyini düşünür”.
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Paşinyanın bununla yanaşı, Qarabağdakı qondarma rejimə maliyyə dəstəyi ayırmaqda davam etməsinə münasibət bildirərkən deyib.
"Kimsə Paşinyanın Qarabağ məsələsində rahatlıqla Ermənistanın mövqelərini təhvil verəcəyini düşünürsə, yanılır. Düzdür, Paşinyanla əvvəlkilərlə müqayisədə məsələni sülhə doğru daha rahat şəkildə aparmaq olar. Amma o da sona qədər asan olmayacaq. Paşinyanın son iki ildə əvvəlcə bir bəyanat verir, qısa müddət sonra isə onu inkar edən başqa bir bəyanatla çıxış edir. İndi də Paşinyanın hərəkətlərində eyni proseslərin şahidi oluruq. Onun Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatı ilk baxışda normal göründü. Ermənistanda bir çoxları Paşinyanı bu müstəvidə Qarabağı, İrəvanı satmaqda ittiham edir. Bu səbəbdən bir çox hallarda Paşinyan verdiyi bəyanatlara bilərək və yaxud bilməyərəkdən korrektlər edir. Belə addımlarla Paşinyan əslində Azərbaycandan daha çox güzəştlər əldə etmək istəyir. Məhz ona görə də bu kimi hərəkətlərə getməklə məsələni uzatmağa çalışır və belədə müəyyən kataklizmlər nəticəsində Azərbaycandan Qarabağ məsələsində daha çox güzəştlər əldə edə biləcəyini düşünür. Bu da əslində Paşinyanın seçkiyə hesablanmış addımıdır”,- deyə E. Mustafayev vurğulayıb.
Ekspert qeyd edib ki, belə söz oyunları, manipulyasiya ilə Pşainyan heç nəyə nail ola bilməyəcək:
"Əksinə, bununla situasiyanın Ermənistanın daha çox ziyanına olacaq hadisələrə rəvac verə bilər. Güc tətbiqi məsələsi də bu hadisələr içərisindədir. Güc tətbiqi hər zaman gündəmdədir. Paşinyanın sözdə Azərbaycanın müstəqilliyini tanısa da, qondarma rejimə maliyyə dəstəyi verməkdə davam etməsi, bu sayaq manevr cəhdləri istər-istəməz sonda güc tətbiqilə nəticələnəcək. Paşinyan bu kimi gedişlərilə güc tətbiqini yetişdirəcəksə, o zaman beynəlxalq aləm də Azərbaycanın güc tətbiqinə reaksiya verməyəcək, etiraz etməyəcək”.
Qeyd edək ki, Ermənsitan baş naziri Nikol Paşinyan Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Amma bununla belə Ermənistan hökuməti qondaram rejimə maliyyə vəsaiti ayırmaqda davam edir. Bu isə bir daha göstərir ki, İrəvan sülhün əldə edilməsinə qarşı çıxır. Belə vəziyyətdə aydın məsələdir ki, Azərbaycanın Ermənistanı sülhə məcbur etmə yolundan başqa heç bir çıxış yolu qalmır.
Rüfət Sultan