Xəbər lenti

Paşinyan yuxudan oyanıb “telefonumu gətirin Ərdoğanla danışmaq istəyirəm” deyib? (MÜSAHİBƏ)
Siyasət08:40 13.07.2022

Paşinyan yuxudan oyanıb “telefonumu gətirin Ərdoğanla danışmaq istəyirəm” deyib? (MÜSAHİBƏ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığı cəmiyyətdə əsas müzakirə mövzusudur. Uzun illərdən sonra iki ölkənin rəhbərlərinin təması ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Ankara-İrəvan təmasını pozitiv qiymətləndirənlərlə yanaşı, bunun Rusiyanın xeyir-duası ilə baş tutduğunu və nəticənin heç də Azərbaycanın maraqlarına tam cavab verməyəcəyini düşününənlər də var. 
Qaynarinfo ciddi müzakirə mövzusu olan və xeyli suallar yaradan bu məsələ ilə bağlı siyasi analitik Rauf Mirqədirovla söhbətləşib.
- Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Uzun illərdən sonra baş verən bu hadisəni necə dəyərləndirirsiniz? Ankara və İrəvan "buzları əritmə” niyyətinə gəliblər, ya burada görünməyən başqa səbəblər var?
- İlk növbədə dövlətlərarası diplomatik münasibətlərin qaydalarını yada salmaq lazımdır. Bu o qədər də bəsit məsələ deyil. Dövlətlərarası münasibətlərdə çox dəqiq işlənmiş protokol və diplomatik kanallardan istifadə qaydaları var. Yəni, hər şey o qədər bəsit deyil ki, Paşinyan səhər yuxudan oyanıb "Mən bu gün Ərdoğanla danışmaq istəyirəm, telefonumu gətirin” desin. Ərdoğan da bu cür etmir, təbii ki. Dövlətlərin birinci şəxsləri arasındakı görüşlər, telefon danışıqları uzun müddət diplomatik kanallar vasitəsilə hazırlanır. Sözsüz ki, Ərdoğanla Paşinyanın telefon danışığına da uzun müddət hazırlıq görülüb, danışıqların mövzusu, tərəflərin gələcəyi nəticələr müəyyənləşdirilib, dəqiqləşdirilib, hətta mətbuata veriləcək açıqlamanın mətni belə razılaşdırılıb. Düşünürəm ki, danışıqlar konkret nəticələrə yönəlibsə, yəni, məqsəd konkret nəticə əldə etməkdirsə, o zaman əlbəttə ki, dialoq savaşdan daha yaxşıdır. Ona görə də Ərdoğanla Paşinyan arasındakı danışıqları pozitiv hadisə kimi qiymətləndirirəm. Bundan başqa, mətbuatda yayılan açıqlamadan belə nəticəyə gəlmək mümkündür ki, danışıqlarda tərəflər arasında elə də ciddi fikir ayrılığı, narazılıq yaradan məqamlar olmayıb. Diqqət yetirsəniz, görərsiniz ki, açıqlamada heç bir neqativ çalar, heç bir mübahisəli məsələyə istinad yoxdur. Bu o deməkdir ki, açıqlamanın mətni nöqtə vergülünə qədər öncədən  razılaşdırılıb. Bu, çox vacib məqamdır. Deməli, Türkiyə və Ermənistan arasında diplomatik qaydalarla aparılan danışıqlar var və bu danışıqlar kifayət qədər poztiv məcrada davam edir. 
- Maraqlıdır ki, Ərdoğanla Paşinyan arasındakı telefon danışığı barədə yayılan rəsmi açıqlamada tərəflərin Qarabağ münaqişəsini müzakirə edib-etmədiklərinə dair hətta işarə də yoxdur. Danışıqlarda bu məsələ arxa plana keçə bilərmi? 
- Doğrudur, açıqlamadan belə bir nəticə çıxarmaq olar ki, tərəflər Qarabağ münaqişəsini müzakirə etməyiblər. Lakin bu, yanlış nəticə olardı. Çünki Qarabağ mövzusu Türkiyə və Ermənistanın gündəliyində duran əsas məsələdir. Xüsusilə, kommunikasiyaların açılması prirotitet mövzudur. Ona görə də tərəflərin bu məsələnin üzərindən keçməsi inandırıcı görünmür. 
- O zaman bu barədə rəsmi açıqlamada bəhs edilməməsi nə ilə bağlı ola bilər?
 
- Paşinyan hazırda həddindən artıq çətin vəziyyətdədir. Ermənistanda daxili siyasi gərginlik pik həddədir. Müxalifət Rusiyanın dəstəyi ilə Paşinyanı çətin duruma salıb. Nəzərə almaq lazımdır ki, Ermənistan müxalifəti Türkiyənin Bakı-İrəvan münasibətlərinə müdaxiləsinə qıcıqla yanaşır. Bu baxımdan, hesab edirəm ki, rəsmi açıqlamada Qarabağla bağlı hər hansı qeydin olmaması Paşinyanın maraqlarının nəzərə alınmasından irəli gəlir. Bütün hallarda Ərdoğanla Paşinyan arasındakı telefon danışığı Ermənistan Türkiyə münasibətlərinin yeni və daha ciddi mərhələyə keçid alması deməkdir. Ərdoğan və Paşinyan elə vəziyyətdə deyillər ki, nətcisəi onlar üçün aydın olmayan, yaxud divident gətirməyən hansısa siyasi oyuna başlasınlar. 
- Telefon danışığından sonra Ərdoğanla Paşinyan arasında görüş baş tuta bilərmi? Belə bir görüş baş tutacağı təqdirdə hansı məsələlərin müzakirə olunacağını ehtimal etmək olar? 
- Danışıqlar pozitiv məcrada olub. Hər halda mətbuat üçün verilən açıqlama bunu göstərir. Ona görə də yaxın vaxtlarda Ərdoğanla Paşinyan arasında üzbəüz görüşün olacağını istisna etmirəm. Yuxarıda dediyim ki, nə Paşinyanın, nə də Ərdoğanın indiki şərtlər daxilində nəticəsi məlum olmayan prosesə qatılmaq kimi lüksü var. Hər ikisi hakimiyyətini mürəkkəb daxili siyasət şəraitində sürdürür. Paşinyan daimi daxili müxaliflət vasitəsi ilə Moskvanın təzyiqi altındadır. Ərdoğanı isə gələn il prezident və parlament seçkiləri gözləyir. Bu seçkilər Ərdoğan üçün ölüm-dirim məsələsidir. Belə bir şəraitdə o, Ermənistanla münasibətləri daxili siyasi diskursun mövzusuna çevirmək istəməz. Belə bir görüş yalnız ciddi şəkildə hazırlıq görüləndən və konkret nəticələrə yönəldikdən sonra həyata keçirilə bilər. Sözsüz ki, bu görüşün nəticələrindən biri kimi Türkiyə-Ermənistan münasibətlərində açılım olmasıdır. Digər tərəfdən, belə bir görüş Azərbaycan-Ermənistan münasibətlərində ciddi dönüşlə müşayiət olunmalıdır. Çünki əgər belə olmazsa, Ərdoğan üçün ciddi daxili siyasi problemlər yarana bilər. Nəhayət, ümid edirəm ki, Ərdoğan kifayət qədər ağıllı olacaq ki, belə bir görüşün Moskvada, Putinin iştirakı ilə keçirilməsinə razı olmasın. 
- Telefon danışığında dərhal sonra Paşinya Rusiya Prezidenti Vladimir Putinlə danışıb. Bu fakt Ərdoğanla Paşinyan arasındakı telefon danışığının Putinin xeyir-duası ilə baş tutması barədə mülahizələrə yol açıb… 
- Paşinyanın Ərdoğanla danışdıqdan sonra Putinə zəng etməsində təəccüblü heç nə yoxdur. Fikrimcə, Paşinyan hətta səhər tezdən nə yediyi haqqında belə, Putinə məlumat verir. Bunu da başa düşmək lazımdır. Bu  mənada ki, hazırda Paşinyan  Putindən ikiqat asılıdr. Əvvəla, Ermənistanda müxalifətin Putin tərəfindən idarə  olunduğu şübhə doğurmur. İkincisi, Qarabağda hadisələrin hansı istiqamətdə  cərəyan edəcəyi Rusiya faktoruna bağlıdır. Rusiya orada istədiyini edə bilər. Hazırda Qarabağda hadisələrə təsir edə bilən əsas güc Rusiyadır. Ermənistanın orada gedən proseslərə təsiri yoxdur. Amma orada nə baş verərsə, Ermənistandakı hadisələrin istiqaməini müəyənləşdirə bilər. Ona görə də Paşinyanın Putinlə danışması təəccüblü görünməməlidir və bu o demək deyil ki, Paşinyanla Ərdoğan arasındakı telefon danışığı Rusiyanın xeyir-duası ilə baş verib. Təbii ki, tərəflərin öz maraqları var. Rusiyanıln Cənubi Qafqazda marağı ikili xarakter daşıyır. O, bir tərəfdən sülh danışıqlarının görüntüsünü yaratmaqda maraqlıdır, digər tərəfdən bütün vasitələrlə uzunmüddətli sülhün bərqərar olmasının qarşısını almağa çalışır. Ermənistanla Azərbaycanın maraqları çox fərqlidir. Onlar gələcəyə bir qədər şübhə ilə baxırlar. Ona görə də mənə elə gəlir ki, həddindən artıq kəskin addımlar atmaq nə Bakı, nə də İrəvanın maraqlarına cavab verir. Onlar daha çox ABŞ-la Rusiya arasındakı qlobal savaşın nəticəsini, ən azı nəticəsinin gerçək konturlarının müəəyyənləşməsini gözləyirlər. Buna qədər prioritetlərin müəyyənləşdsirilməsi nə İrəvanın, nə də Bakının maraqlarına cavab verir. 
- Türkiyə-Ermənistan sərhədlərinin açılması nə dərəcədə realdır? 
- Türkiyə-Ermənistan sərhədlərinin açılması tamamilə realdır. Yeganə şərt ondan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərində müəyyən açılım olsun. Yəni, Qarabağ münaqişəsinin həlli ətrafında müəyyən bir irləliləyiş olsun. Əslində, 10 Noyabr bəyanatı nəticə etibarilə Türkiyə-Ermənistan sərhədlərinin açımasını da ehtiva edir. Azərbaycan da Ermənistan vasitəsilə Türkiyə ilə də əlaqə yaratmaq imkanına malik olur. Əgər Azərbaycan-Ermənistan münasibətlərində müəyyən irəliləyiş olarsa, sərhədlərin açılmasına mane ola biləcək bir əngəl qalmır. Bu, Rusiya üçün də təhlükə yaratmır. Çünki Ermənistan sərhədlərini tamamilə Rusiyanın sərhəd qoşunları qoruyur. Bundan əlavə, Qarabağda rus qoşunları var. Yəni, prosesi dayandırıb geri çevirmək hələ ki Rusiyanın əlindədir. 
- Bu məsələdə Bakı və Ankaranın maraqları toqquşa bilərmi? 
- Düşünmürəm ki, rəsmi Bakı ilə Ankara arasında Ermənistanla bağlı  münasibətlərdə razılaşdırılmamış məqamlar olsun. Qlobal mənada Qərb-Rusiya qarşıdurması Türkiyə ilə müttəfqilik münasibətlərini möhkəmlətməyi zəruri edir. Bu, Azərbaycan üçün hazırda vacib amildir. Digər tərəfdən Ərdoğan prezident və parlament seçkilərinə hazırlaşır. Bu halda Ərdoğan öz elektoratında təlatüm yaratmamaqda maraqlıdır.  Ərdoğanın elektoratı dindar və millətçi elektoratdır. Onun sosial bazası həddindən artıq məhduddur. Ona qarşı olan daxili qüvvələr müəyyən koalisiya yaratmağa çalışırlar. Belə bir vəziyyətdə Ərdoğan Azərbaycanla  münasibətlərində gərginlik yaradaraq elektoratının millətçi hissəsini özünün əleyhinə çevirməz. Bu onun üçün seçkidə ciddi problem yarada bilər. O, bu seçkilərdə elektoratını maksimal şəkildə səfərbər etməyə çalışacaq. Ona görə də kifayət qədər fəal, aqressiv və millətçi xarici siyasət yürütmək məcburiyyətindədir. 
- Bakı-Ankara-İrəvan-Moskva dördbucağının yaradılması mümkündürmü? 
- Uzunmüddətli, sabit Bakı-Ankara-Moskva-İrəvan dördbucağının yaradılması o qədər də real deyil. Çünki tərəflərin maraqları tamamilə fərqlidir. Əslində, geniş mənada baxsaq, Bakı-İrəvan-Ankara arasında ciddi maraq toqquşması yoxdur. Əgər Qarabağ məsələsini həll etmək mümkün olarsa və Türkiyə ilə Ermənistan arasında ərazi iddiaları məsələsini arxa plana keçirmək olarsa, bu ölkələr arasında maraq toqquşması demək olar ki, qalmır. Moskvaya gəldikdə isə strateji olaraq bu maraqlar nə Ermənistan, nə Azərbaycan, nə də Türkiyənin maraqları ilə üst-üstə düşür. Rusiyanın maraqları antoqonist maraqlardır. Azərbaycanın əsas marağı kommunikasiyaların xüsusilə, "Şərq-Qərb kommunikasiyaları”nın tam gücü ilə işləməsidir. Bu baxımdan, həmin kommunikasiyaların bir hissəsinin Ermənistan ərazisindən keçməsi İrəvanın maraqlarına cavab verir. Türkiyənin geniş mənada regionda möhkəmlənməsi maraqları var. "Şərq-Qərb dəhlizi”nin geniş mənada fəaliyyət göstərməsi Türkiyənin maraqlarına cavab verir. Amma Rusiyanın maraqlarına ciddi zərbə vurur. Çünki kommunikasiyaların geniş mənada fəaliyyəti Avropanın Rusiyadan enerji asılılılığını azalda və regionda Qərbin mövqelərinin möhkəmləndirə, Moskva ilə münasibətlərdə Qərbin manevr imkanlarını daha da genişləndirə bilər. Bu baxımdan, Rusiya ilk növbədə "Şərq-Qərb dəhlizi”nin tam gücü ilə faəliyyət göstərməsinə imkan verməməyə çalışacaq. Bu isə maraqların toqquşması deməkdir. Əslində, Rusiya mətbuatına diqqət yetirsək, görərik ki, Türkiyə ilə münasibətlərin uzunmüdətli olacağına elə də inam yoxdur. Rusiyanın analitik dairələri bu münasibətləri taktiki əməkdaşlıq kimi dəyərləndirirlər. Ona görə də mən Türkiyə-Rusiya münasibətlərinin gələcəyinə və Türkiyə-Azərbaycan-Rusiya-Ermənistan dördbucağının yaranacağına inanmıram. 
Vidadi Məmmədov