Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan şəhərində Qarabağ separatçılarından ibarət nümayəndə heyətini qəbul edib. "İravunk” qəzeti görüşün detallarını açıqlayaraq bildirir ki, Paşinyan separatçılara "öz xarici siyasətlərini özləri həll etməlidirlər və Ermənistana daha ümid bağlamamalıdırlar” mesajını verib. Eyni zamanda o, əlavə edib ki, rəsmi İrəvan maliyyə problemləri ilə bağlı Qarabağda müvəqqəti yaşayan ermənilərə kömək edəcək.
Paşinyanın əslində belə bir açıqlama ilə çıxış edəcəyi gözlənilən idi. Çünki özü də yaxşı başa düşür ki, Qarabağ separatçılarının daha İrəvana ümid bəsləməsi mümkünsüzdür. İrəvan daha əvvəlki kimi onların bu "ümidlərini” həyata keçirmək gücündə deyil. Müharibədə aldığı sarsıdıcı zərbə İrəvanı vadar edib ki, artıq bu sayaq yersiz ümidlərə qapılmasınlar. Bu açıqlama Paşinyanın artıq separatçılardan əlini üzdüyü, bu yükdən birdəfəlik yaxa qurtarmağa çalışdığı anlamına da gəlir.
Paşinyanın açıqlaması sözsüz ki, separatçıları da "ümid yeri” üzrə ünvanı dəyişməyə cəhd etməyə sövq etdirəcək. Sirr deyil ki, indiki şəraitdə Qarabağ separatçıları əsas ümid yeri qismində Moskvanı görürlər. Ona görə də çalışırlar ki, Qarabağda 5 illik müddətə yerləşdirilən Rusiya sülhməramlıları ərazidə daha uzun müddətə qalsın. Bu mənada Paşinyanın açıqlaması istər-istəməz həm də Rusiyanın əlinə oynayan bir açıqlamadır. Çünki yaranmış fürsətdən Moskva istifadə edərək müxtəlif manevrlər etməklə çalışacaq ki, regionda daha uzun müddətə qalsın.
Rüfət Sultan