"Paşinyanın əvvəlki ritorikadan əl çəkərək, reallıqları dərk etməsi 44 günlük müharibədə aldığı sarsıdıcı məğlubiyyətin nəticəsidir”.
Qaynarinfo-ya açıqlamasında bunu politoloq İlqar Vəlizadə Paşinyanın Ermənistanın gerbini tənqid etməsi, orada qeyd edilən simvolların 1991-ci ildə yaradılan dövlətə heç bir aidiyyatının olmadığı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
"44 günlük müharibə və Paşinyanın məğlub olması baş verməsəydi, o, danışıqlarda uğursuzluğa düçar olmasaydı, özünün və ölkəsinin əvvəlki təcavüzkar ritorikasından əl çəkən deyildi. Məhz bu ardı-arası kəsilməyən məğlubiyyətlər Paşinyanı reallığı dərk etməyə məcbur edib. Müharibə olmasaydı, Azərbaycan güc yolu ilə status-kvonu dəyişməsəydi, Paşinyan elə əvvəlki tək köhnə fikirlərində qalmaqda davam edəcəkdi, erməni cəmiyyəti də elə əvvəlki cəmiyyət olacaqdı.
Paşinyanın özü də başqa şüarlarla hakimiyyətə gəlib. Amma 44 günlük müharibə, onun nəticələri və ondan sonrakı proseslər Paşinyanın reallıqları dərk etməsinə gətirib çıxarıb. Ona görə də o indi həmin reallıqları cəmiyyətə aşılamaq istəyir. Bu səbəbdən də himni, gerbi tənqid etməklə rəmzi məsələlərdən başlayır”.
Ekspertə görə, əsas təhlükə odur ki, Paşinyan, Simonyan indi reallığı dərk etsələr də, daxildə yenə də başqa cür düşünməkdə davam edirlər:
"Yəni vəziyyət dəyişsə, yenə də əvvəlki ritorikalarına qayıdacaq, əvvəlki ideologiya hökm sürəcək. Ona görə də məhz Azərbaycanın güc strategiyasının tətbiqi Paşinyanı Qarabağın Azərbaycan ərazisi olduğunu deməsinə, ölkəsinin gerbindəki Ağrıdağ şəklinin Ermənistana aid olmadığını etiraf etməsinə əsas verib”, - politoloq deyib.
Qeyd edək ki, Ermənsitan baş naziri müharibədən əvvəl Qarabağın guya Ermənistan olduğundan dəm vururdusa, indi ritorikasını dəyişərək, Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir. Bundan başqa o, bu günlərdə Ermənistanın himni və gerbini də tənqid edib.
Erməni mətbuatının yazdığına görə, gerblə bağlı Paşinyan bildirib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyatı yoxdur. O, həmçinin etiraf edib ki, Ağrıdağ Türkiyənin ərazisidir.
Rüfət Sultan