Xəbər lenti

Paşinyanın 44 günlük müharibənin araşdırılması fikri hansı mesajı verir?
Siyasət11:00 02.07.2021

Paşinyanın 44 günlük müharibənin araşdırılması fikri hansı mesajı verir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Paşinyan həmin çıxışı ilə yeni düzənin yaradılması mesajını verir. Bu mesajda o, qarşıya iki hədəf qoyub”. 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy Ermənistanda  baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "44 günlük müharibənin şərtləri ciddi və ətraflı araşdırılmalıdır” fikrinə münasibət bildirərkən deyib. N. Cəfərsoy düşünür ki, bu mesajla Paşinyan rəqiblərini neytrallaşdırmaq niyyətini ortaya qoyur:
"Bilirsiniz ki, 10 noyabrda imzalanan bəyannamədən sonra İrəvanda küçə yürüşləri, Paşinyanın kabinetinin basılması, parlament sədrinin döyülməsi baş verdi. Həmin prosesin arxasında isə Paşinyana qarşı olan revanşistlər dayanırdı. Paşinyan indi bu hadisələrin araşdırılmasını istəyir. Belədə, sözügedən açıqlaması ilə Paşinyan noyabrdan sonra özünə qarşı başlanan küçə hərəkətini tənzimləyənləri hüquq yolu ilə neytrallaşdıracağı mesajını verir”. 
Həmsöhbətimizin fikrincə, bu gedişlə yaxın dönəmdə müharibə dövründə vəzifədə olan ordu, təhlükəsizlik orqanları və dövlət bürokratiyasının bütün sferalarına yönəlik hüquqi prosesin başlanacağını görə bilərik:   
"Paşinyan həmçinin müharibə dövrünü, orada baş verənləri, səbəb və nəticələri hüquqi və siyasi baxımdan araşdırmaq istəyir. Bu isə o deməkdir ki, hüquqi mənada Paşinyan başda ordu olmaqla özünə müxalif olan qruplaşmaları dövlət sistemindən daha sürətlə təmizləmək niyyətindədir. Belədə həmin şəxslərə qarşı vətənə xəyanət, cəsusluq, səlahiyyətin öhdəsindən gələ bilməmək, əmrə tabe olmamaq və korrupsiya kontekstində istinqat prosesi yeni bir səviyyədə gündəmə gələ bilər”. 
Ekspert qeyd edib ki, önümüzdəki dönəmdə Ermənistan parlmentində müharibənin nəticələrini araşdıran bir siyasi tədqiqat kommisiyanın yaradılması da mümkündür: 
"Əslində bütün bunlar seçkidən sonra gözlənilən idi. Çünki Paşinyan seçki kampaniyasında  məxməri inqilabdan artıq "polad inqilabı”na keçməyin zəruri olduğunu söyləyirdi. Bir sözlə, Paşinyanın bu mesajı götərir ki, o qarşıdakı dönəmdə həm dövlət kadrlarını təmizləmək və rəqiblərini təzyiq altına almağı qarşısına məqsəd qoyub. Bu yolda isə həm hüquqdan, həm də parlamentdəki üstün mövqeyindən yararlanmağı düşünür”. 
Lakin ekspert bu mesajın Köçəryanın yenidən həbsinə gətirib çıxaracağını düşünmür: 
"Bu hal siyasi prosesi daha da gərginləşdirə bilər. Onun mesajı birbaşa Köçəryanın həbsi məsələsini hədəfləməyib. Sadəcə ətrafını ondan uzaqlaşdırmağa və Köçəryanı nüfuzdan salmağa, küncə sıxışdırmağa hesablanıb”.
Rüfət Sultan