Xəbər lenti

Paşinyanın BMT-dəki
Siyasət 12:41 27.09.2024

Paşinyanın BMT-dəki "sülhpərvər" çıxışını necə “tərcümə” etmək olar?

"Paşinyanın bu açıqlaması sadəcə olaraq, beynəlxalq ictimaiyyətin gözünə kül üfürmək, onları aldatmaq, Ermənistanı guya sülhpərvər dövlət kimi qələmə vermək məqsədindən irəli gələn çıxışdır".

Qaynarinfo-ya açıqlamasında bunu hüquqşünas Qulamhüseyn Əlibəyli Ermənistan baş naziri Nikol Paşinyanın BMT-dəki çıxışında ölkəsinin Azərbaycanla sülhə nail olmaq üçün konstitusiya dəyişikliklərinə hazır olduğu barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

"Paşinyan bu çıxışı ilə onun mesajını verib ki, sülh müqaviləsinin imzalanması qeyri-müəyyən müddətə qədər dona bilər. Çünki Ermənistan Konstitusiya Məhkəməsinin hansı qərar qəbul edəcəyini öncədən demək mümkün deyil. Guya onların Konstitusiya Məhkəməsi tam müstəqil qurum kimi fəaliyyət göstərir. Paşinyan da açıqlaması ilə bildirir ki, Konstitusiya Məhkəməsi istəməsə, onlar sülh müqaviləsni təsdiq edə bilməyəcəklər", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Həmsöhbətimiz qeyd edir ki, bu, əslində sülh müqaviləsinin imzalanmasının uzadılması üçün növbəti bir bəhanədir:

"İrəvan dəfələrlə müxtəlif bəhanələr irəli sürüb. Sözdə bildirirlər ki, sülhə hazırdırlar. Amma aydı-ayrı bəhanə, şərtlər irəli sürürlər. Həmin şərtlərdən biri də Konstitusiya Məhkəməsinə istinad etməkdir. Paşinyan özü istəməsə də, görünür, Ermənistanın Konstitusiya Məhkəməsi təbii ki, məsələ barədə müsbət rəy verməyəcək. Ermənistan cəmiyyətində revanşizm güclüdür. Ona görə mümkündür ki, Konstitusiya Məhkəməsi də revanşizm ruhundan çıxış edərək sülhlə bağlı müsbət rəy verməsin”. 

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı ölkəsinin Azərbaycanla sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazır olduğu mesajını verib. 

"Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq”, - N.Paşinyan bildirib.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->