"Rusiyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı təklif etdiyi və Paşinyanın qəbul etdiklərini dediyi 3 təklif SSRİ zamanının müxtəlif dövrləri üzrə mövcud olan xəritələrin əsas kimi götürülməsindən ibarətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan baş naziri Nikol Paşinyanın bu ilin mayında Moskvanın Bakı və İrəvan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı 3 təkliflə çıxış etdiyi və İrəvanın onları qəbul etməsilə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, əslində Paşinyanın bu bəyanatı bir qədər şübhəlidir:
"Çünki toqquşma ilə müşayiət olunan son hadisələrdən qabaq belə bir məlumat var idi ki, görüşdən imtina edən məhz Ermənistandır. Bu baxımdan İrəvanın təklifləri qəbul etdikləri barədə indiki bəyanatının doğruluğu şəxsən məndə şübhə doğurur. Hamı başa düşür ki, sərhədlərin delimitasiya və demarkasiyası prosesi texniki prosesdir. Tərəflər saziş əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb, sonra delimitasiya və demarkasiya prosesinə keçməlidir. Amma görürük ki, İrəvan bundan imtina edir”.
T. Zülfüqarov hesab edir ki, ermənilərin sonuncu təxribatı sərhəd deyil, təmas xəttini əldə etmələrinə hesablanıb:
"Bununla da təmas xətində bölgədən kənar hansısa qüvvələri yerləşdirib, özlərini sığortalamaq istəyirlər. İrəvan bəzi ölkələrə vasitəçilik üçün müraciət edib. Belədə, kənar qüvvələrin arxasına keçməklə özlərinin ərazi iddialarını davam etdirməyə çalışırlar”.
Rusiyanın sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı irəli sürdüyü 3 təklifin nədən ibarət olduğuna gəldikdə, sabiq diplomat bildirir ki, sızan məlumatlara əsasən, müxtəlif dövrlərin xəritələrinin əsas kimi götürülməsi gündəmdə idi:
"Müxtəlif dövrlərdə sərhəd müxtəlif yerlərdən keçib. Əvvəlcə səslənirdi ki, 1929-cu ilə qədər olan sərhədlər əsas götürülsün. Onda Zəngəzur və bir çox digər ərazilər Azərbaycanın tərkibində idi. İkincisi, Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanısa da, ikinci mövqeyi ondan ibarət olacaq ki, Bakı öz ərazisindəki ermənilərin öz müqəddəratını təyin etmə hüququnu təmin etsin və mövzu Minsk qrupu vasitəsilə davam etdirilsin”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir. Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: "Bunların 3-də bizim üçün qəbil ediləndir”.
Rüfət Sultan