Ermənistanın baş naziri Nikol Paşinyan yenidən sülh prosesini zədələyəcək bəyanatlarla çıxış etdi. Ölkə parlamentində çıxış edən baş nazir vurğulayıb ki, "Azərbaycanın Qarabağda humanitar fəlakət yaratmaq, mədəni irsi məhv etmək cəhdi və nəhayət, mülki şəxslərə silahlı basqını onu göstərir ki, biz haqlıyıq və Qarabağın statusu ilə bağlı tələblərimizdə ədalətliyik”.
N.Paşinyanın onu da bəyan edib ki, "Azərbaycan Qarabağ ermənilərinə qarşı irqi ayrı-seçkilik həyata keçirtməklə Ermənistanı vadar edir ki, BMT-nin Haaqa Məhkəməsinə şikayət etsin”. Ermənistan baş nazirinin sözlərinə görə, Azərbaycan ermənilərə təzyiqlərini artırır:
”Onlar öncə Qarabağa gedən qazın nəqlini dayandırdılar, özü də bu hadisə havanın temperaturu mənfi 8-ə düşdüyü vaxtda baş verdi. Daha sonra onlar sərhəd kəndlərinin sakinlərinə təzyiqlər etdilər. Erməni və rus dillərində əhaliyə müraciət edərək, evlərini tərk etmələrini tələbi etdilər. Daha sonra evlərə gur projektor işıqları yönəltməklə psixoliji təzyiqlər göstərdilər”.
N.Paşinyanın bəyanatı şübhəsiz ki, daxili publikaya yönəlib. Brüssel danışıqlarından sonra baş nazir müxalifətə əlavə "kozır” vermək istəmir. Digər tərəfdən, N.Paşinyan anlayır ki, hakimiyyətdə qalmaq üçün revanşist şüarlar ilə çıxış etmək məcburiyyətindədir. Baş nazir revanşa hazır olduğunun imitasiyasını sərgiləyir. Lakin Ermənistanda hər kəs anlayır ki, yeni silahlı münaqişənin baş verməsi ehtimalı olduqca azdır. Sadəcə, Paşinyana vaxtı uzatmaq, elektoratını dağılmaqdan xilas etmək lazımdır. Əslində, bu qədər pafoslu çıxışına baxmayaraq, Paşinyan elə həmin iclasda Azərbaycanla nəqliyyat əlaqələrinin, dəmir yolu xəttinin açılmasının vacibliyindən danışıb. N. Paşinyan açıq bəyan edib ki, Ermənistan rəhbərliyi üçün real addımlar atmağın zamanı çatıb. Baş nazir vurğulayıb ki, sülh razılaşması siyasi, iqtisadi, təhlükəsizlik mühitini yaxşılaşdıra bilər.
N.Paşinyan dolayısı ilə olsa da, deputatların nəzərinə çatdırıb ki, Ermənistanın manevr etmək imkanları tükənib, xüsusilə, Brüssel görüşündən sonra yenidən savaşdan danışmaq intihara bərabər olardı. Erməni baş nazir açıq bildirib ki, beynəlxalq təşkilatlar, Azərbaycanın təkliflərini daha məqbul hesab edirlər. Zəngəzur dəhlizinin açılması ilə bağlı Avropa Birliyinin də mövqeyi müsbətdir. Bu səbəbdən, Ermənistanın müqavimət göstərmək imkanları yoxdur.
O ki qaldı Nikol Paşinyanın Brüsseldən qayıtdıqdan dərhal sonra Araik Arutyunyanı İrəvana dəvət etməsi və onunla qapalı görüş keçirtməsinə, burada da söhbət revanşdan yox, separtaçılara reallığı izah etməkdən gedir. N.Paşinyan yəqin ki, Araik Arutyunyanı yeni yaranmış durumla bağlı məlumatlandırıb və təxribatlara getməməyi tövsiyə edib.
Siyasət şöbəsi