"Paşinyanın Putinlə görüşü sülhə nail olmaq istiqamətində müəyyən problemlər yarada bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 19-da Moskvada Rusiya Prezidenti Vladimir Putinlə baş tutacaq görüşünü şərh edərkən deyib:
"Rusiyanın Qafqazda mövcudluğu üçün əsas faktor münaqişənin olmasıdır. Bu münaqişələrədn biri isə Avropa İttifaqının vasitəçiliyilə çözülmək ərəfəsindədir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Əliyevlə Paşinyan arasında apreldə keçirilən görüş Moskvada müəyyən narahatlıq doğurub. Çünki belə vəziyyətdə sanki Rusiya münaqişənin nizamlanması prosesindən kənar qalır. Azərbaycan 5 baza prinsipini təqdim edib ki, Ermənistan faktiki olaraq onu qəbul edib. Bu isə o anlama gəlir ki, artıq Rusiyanın iştirakı olmadan bölgədə yeni sülh yaratmaq təşəbbüsü önə çıxıb”.
Ekspert hesab edir ki, Putin Paşinyanı Moskvaya dəvət etməklə prosesə özünün təsir gücünü saxladığını göstərməyə çalışır:
"Ona görə də görüşdən sonra Paşinyanın atacağı addımlar, verəcəyi bəyanatlar maraqla gözlənilir. Danışıqlar prosesindəki sonrakı mərhələyə Paşinyanın Putinlə Moskvadakı görüşünün təsirlərinin olacağı qənaətindəyəm. Moskva çalışacaq ki, bu məsələdə İrəvanı müəyyən qədər çəkindirsin. Amma buna nail olub-olmayacağını söyləmək çətindir. Rusiya indi xeyli zəifləyib. Hətta İrəvan belə Rusiyaya qarşı Qərbin tətbiq etdiyi bəzi sanksiyalara qoşulub. Görünür, Moskvanı bu faktor da narahat edir”.
Rüfət Sultan