"Bu ezamiyyət onu göstərir ki, artıq Ermənistan da Zəngəzur dəhlizinin vacibliyini anlamağa başlayır və bu əsasda da onun həyata keçməsi üçün fəaliyyətə keçir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Nikol Paşinyanın müşaviri Robert Qukasyanı 2 ay müddətinə Zəngəzura ezamiyyətə göndərməsinin hansı məqsəd daşıdığına aydınlıq gətirərkən deyib.
Həmsöhbətimizin fikrincə, bu ezamiyyət onu deməyə əsas verir ki, Paşinyan Zəngəzur dəhlizinə ciddi maraq göstərməyə başlayıb:
"Paşinyanın ətrafında yer alanların bir çoxu ona yalan məlumat verir. Onlar xüsusən də Paşinyanın Zəngəzurla bağlı planlarının həyata keçirilməsinə əngəl olmağa çalışırlar. Ona görə də Paşinyan etibar atdiyi adamı Zəngəzura göndərir ki, bölgənin vəziyyəti barədə daha dolğun informasiyalara malik olsun. Yəqin ki, ezamiyyətə yollanan Qukasyan ərazinin xəritəsini çıxaracaq, avtomobil yolu, dəmir yolunun haradan keçəcəyini dəqiqləşdirəcək. Baş nazirin müşaviri habelə həmin yolun təhlükəsizliyi, ora çəkiləcək xərclərlə bağlı yaranan sualları araşdırmaq üçün ora yollanıb”.
C. Nuriyev düşünür ki, cari ilin aprel-mayında sərhədlərin delimitasiyası və Zəngəzurla bağlı iki ölkənin işçi qrupu fəaliyyətə başlayacaq:
"Paşinyan ona görə də etibar etdiyi adamını bəzi məsələləri dəqiqləşdirmək üçün bölgəyə göndərir. Çünki əldə edilən bütün razılaşmalarda kommunikasiyaların açılması məsələsi əsas mövzularındandır”.
Rüfət Sultan