Siyasət 15:10 17.11.2022

Paşinyanın yeni sülh "təklifləri": "Azərbaycan buna razılaşa bilməz"

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib ki, İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərini Azərbaycana təqdim edib. O, Bakının cavabını gözlədiklərini açıqlayıb. 

Baş nazirini sözlərinə görə, "Azərbaycan qoşunları Ermənistanın işğal olunmuş ərazilərini tərk etməli və 2021-ci il mayın 11-dək mövcud olan mövqelərə qayıtmalıdırlar”. 

Paşinyan beynəlxalq ictimaiyyətin Ermənistanın bu mövqeyini dəstəklədiyini iddia edib. O, daha sonra Bakını "Dağlıq Qarabağın nümayəndələri ilə ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı birbaşa söhbətə” başlamağa çağırıb. Paşinyan qeyd edib ki, bu, "Rusiyanın mövqeyidir” və "Dağlıq Qarabağın statusu məsələsində deyil, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsindən ibarətdir”. 

Paşinyan hesab edir ki, beynəlxalq ictimaiyyət də "Dağlıq Qarabağ və Azərbaycan nümayəndələri arasında müzakirələrin başlanmasına tərəfdardır: "Əgər, biz bu problemi həll etsək, təbii ki, Ermənistan Azərbaycanla ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasına əsaslanan çərçivə sülh sazişi imzalamağa hazırdır”.



Qeyd edək ki, bir neçə ay bundan qabaq Azərbaycan Ermənistana sülh müqaviləsilə bağlı 5 təklif verib. Təkliflər belə olub: 

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması. 

İrəvan da müxtəlif səviyyəli görüşlərdə Bakının 5 baza prinsipinə ümumilikdə razı olduqlarını bəyan etmişdi. Amma Paşinyanın sülh müqaviləsilə bağlı səsləndirdiyi təkliflər Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə ziddir. Paşinyan bu təklifi əslində Azərbaycana hədə gəlməkdir. Görünən odur ki, baş nazir sözügedən təklifləri gündəmə atmaqla əslində sülh müqaviləsinin bağlanmasına qarşı çıxdığını ortaya qoyur. Çünki Paşinyanın səsləndirdiyi təkliflər əsasında sülh müqaviləsinin imzalanması qəbuledilən deyil. Bu Azərbaycanın daxili işlərinə müdaxilədir. 

Politoloq Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, Paşinyanın təklifləri qəbul oluna bilməz: 

"Paşinyanın bu açıqlamasından bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da hazırki vəziyyətdə sülh müqaviləsinin imzalanmasının mümkün olmayacağı fikrini səsləndirmişdi. Tərəflər arasında razılaşdırılmayan məqamlar mövcuddur.  Bu, Paşinyanın dedikləri ilə bağlıdır. Paşinyan Qarabağdakı separatçı rejimin nümayəndələrilə Azərbaycan dövləti arasında danışıqların aparılmasını istəyir. Burada söhbət  Azərbaycan vətəndaşlığını qəbul edən hansısa icma nümayəndəsindən getmir. İrəvan həmçinin ABŞ-ın təklifi əsasında danışıqların beynəlxalq nəzarət altında getməsini istəyir. Bu isə dolayısı ilə yenidən Qarabağ məsələsinə kənar üçüncü tərəfin "burnunu” soxması anlamına gəlir. Bakı özünə qarşı yeni təzyiq mexanizmlərinin yaradılmasına imkan verməyəcək. Çünki həmin məsələ Azərbaycanın daxili işidir. Separatçı rejimə müəyyən təklif, zəmanət və ya sifarişlər verməklə bu danışıqları istənilən zamana qədər uzatmaq mümkündür. Ona görə də heç bir beynəlxalq nəzarətdən söhbət gedə bilməz. Məsələ Azərbaycanın üzərinə buraxılmalıdır. Ona görə ki, bu kontekstdə qərar verən Azərbaycandır”. 
 


Ekspert bildirir ki, ermənilər hüquq və təhlükəsizlik  vədlərinin verilməsi Azərbaycanda yaşayan digər milli azlıq və etnik qrupların haqlarının tapdanması demək olacaq:

"Digər milli azlıqlar, etnik qruplar Azərbaycan türkləri kimi eyni hüquqa malikdir. Bu xüsusda ermənilərə xüsusi status, hüquq və təhlükəsizlik vədlərinin verilməsi digər etnosların haqlarının tapdanması demək olacaq. Ermənilər heç kimdən üstün deyil”.

Natıq Miri düşünür ki, məsələ Bakının təklifinə uyğun şəkildə razılaşdırılmasa, sülh məsələsi baş tutan sevda olmayacaq:

"Azərbaycan 2021-ci ilin mayın 11-də Qaragöl ətrafındakı yüksəklikləri nəzarətə keçirib. Bunu da ermənilərin hərbi təxribatına cavab olaraq edib. Ermənilər anlamalıdır ki, onların təxribatları həmin yüksəkliklərin Azərbaycanın nəzarətinə keçməsini təmin etdisə, bu ilin sentyabrın 12-dəki təxribatları da Ordumuzun daha da irəli getməsinə gətirib çıxardı. Ermənilər anlamalıdır ki, onların hər bir təxribatı növbəti yüksəkliklərin fəth olunması ilə nəticələnəcək. Ona görə də təxribatlardan və xaricilərə arxalanmaqdan vaz keçməyənə qədər İrəvanın başı ağrımaqda davam edəcək və sülh müqaviləsinin bağlanması mümkün olmayacaq. Bu da əslində Ermənistanın ziyanınadır. Çünki Azərbaycan hansısa zaman çərçivəsində Laçın dəhlizini də öz nəzarətinə götürəcək”. 

Politoloqun fikrincə, Ermənistanla həll olunacaq məsələ üzərində fokuslanmaqdansa, daxili problemi, yəni separatçı rejimin ləğvini, habelə Laçın dəhlizinin bağlanması məsələsinin sürətləndirilməsinə ehtiyac var: 

"Bu məsələnin həllindən sonra İrəvan yalvara-yalvara sülh müqaviləsinə razı olacaq”. 

Rüfət Sultan