"Bu təklifi əhəmiyyətli, irəliyə doğru atılan addım hesab etmirəm. Əksinə, proseslərə maneəçilik yarada bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ermənistan baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanmasının yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət etməsi məsələsini şərh edərkən deyib.
Ekspert bildirib ki, "qaçış zamanı arabanın atını dəyişməzlər":
"Prosesin belə qızğın mərhələsində hansısa əlavə şərtlərin ortaya atılmasını o qədər də konstruktiv hesab etmirəm. Ermənistanda sülh müqaviləsinin uzana biləcəyi və prezident seçkiləri seriyası nəticəsində Azərbaycanın hərbi irəliləmələri davam etdirə biləcəyi mühitinin formalaşacağı qorxusu yaranıb. Onun qarşısını almaq, zəmanət yaratmaq üçün də belə bir müqaviləni təklif edirlər. Fikrimcə, həmin sənədin ortaya qoyulması və üzərində işin başlanması sülh müqaviləsinin imzalanmasını sonrakı mərhələyə ataraq, onun daha da gecikdirilməsinə səbəb olacaq. Nəticədə də sülh müqaviləsinin mənasını xeyli azaldacaq. Nəzərə almaq lazımdır ki, Paşinyan hansısa şərtlərin dəyişməsi nəticəsində Azərbaycanın da davranışında dəyişikliklər olacağından ehtiyat edirsə, buna heç bir sənəd zəmanət yarada bilməz. Buna ancaq tərəflərin real hərəkətləri və real olaraq yaxınlaşmaları zəmanət yartmalıdır. Fikrimcə, davranışda bəzi dəyişikliklər etmək lazımdır".
Qeyd edək ki, Ermənistan sülh müqaviləsinin imzalanması prosesi yubanacağı təqdirdə Azərbaycanı hücum etməmək haqqında qarşılıqlı pakt imzalamağa dəvət edib. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ordu gününə həsr olunmuş çıxışında deyib:
"Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini tətbiq etməyi təklif etmişik. Həmçinin sülh müqaviləsinin imzalanmasının gözlənildiyindən daha uzun çəkəcəyi ortaya çıxarsa, hücum etməmək haqqında paktı imzalamaq təklif olunub".
Rüfət Sultan