"Payonix” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC 2024-cü ili 171 min manat xalis zərərlə başa vurub.
Valyuta.az xəbər verir ki, ardıcıl ikinci ildir ki, qurum mənfəət əvəzinə maliyyə itkisi ilə üzləşir.
"Payonix” 2024-cü ildə cəmi 43,479 manat gəlir əldə edə bilib. Gəlirin əsas hissəsi müştəri kreditləri üzrə faiz gəlirlərindən (42,787 AZN) ibarətdir. Amma xərclər bunun beş qatından çox olub — 214,522 manat. Bu isə gəlirlərin nəinki xərcləri qarşılamadığı, hətta strukturun öz əsas fəaliyyətini belə maliyyələşdirə bilmədiyini göstərir.
Təşkilatın illik maliyyə hesabatına əsasən, həm aktivlərdə, həm də kapitalda nəzərəçarpacaq azalma müşahidə olunur.
2023-cü ildə 1,3 milyon manat nizamnamə kapitalı olan "Payonix” BOKT-un cəmi kapitalı 2024-cü ilin sonunda 1,03 milyon manata düşüb. Bunun əsas səbəbi əvvəlki ildən yığılan 96,8 min manatlıq zərərin saxlanılması və yeni dövr üzrə 171 min manat zərərin əlavə olunmasıdır.
Beləliklə, təşkilatın bölüşdürülməmiş mənfəəti mənfi saldoya keçib.
"Payonix”in ümumi aktivləri 1,3 milyon manatdan 1,09 milyon manata düşüb – bu, 205 min manat və ya 15,8% azalma deməkdir. Əsas azalma pul vəsaitləri hissəsində baş verib: 2023-cü ildə 1,3 milyon manata yaxın olan bu göstərici 2024-cü ildə cəmi 184,926 manata düşüb.
BOKT-un kapitalı hələ də əsas öhdəlikləri əhatə etsə də, aktivlərin tərkibi zəifləyib, gəlir formalaşdırma qabiliyyəti isə sual altındadır. Kredit portfeli yeni daxil olsa da (490 min AZN), bu vəsaitin gəlirə çevrilməsi üçün zaman və risk analizi tələb olunur.
Gəlirlərin zəifliyi, xərclərin idarə olunmaması və kapitalın əriməsi şirkətin orta və uzunmüddətli dayanıqlılığına təhlükə yaradır. Əgər kredit portfelindən gəlirlilik təmin olunmasa və əməliyyat effektivliyi artırılmasa, maliyyə mövqeyi daha da zəifləyə bilər.
Şərhlər