Xəbər lenti

Pelosinin Ermənistana səfəri və ötürdüyü mesajlar - İrəvan böyük seçim qarşısında
Siyasət09:12 19.09.2022

Pelosinin Ermənistana səfəri və ötürdüyü mesajlar - İrəvan böyük seçim qarşısında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sentyabrın 17-də Ermənistana olan səfəri bu gün başa çatıb. İki günlük səfər çərçivəsində Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan və parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.
Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev bildirir ki, Pelosinin Ermənistana olan bu səfəri ilk növbədə Paşinyana dəstək səfəri idi: "Pelosi bu səfərlə təmsil olunduğu Nümayəndələr Palatasının Paşinyan hakimiyyətinə dəstək nümayiş etdirmək məqsədi daşıyıb. İrəvanda hökumət əleyhinə başlayan etirazlar Paşinyanı narahat etdiyindən Pelosinin gəlişi bir növ ona dəstək nümayişi idi. Paşinyan bu dəstəyi Ermənistan daxili siyasətində görəcək”.
Digər tərəfdən, ekspert qeyd edir ki, Vaşinqton İrəvandan İrana qarşı istifadə etmək niyyətinə düşüb: "Pelosinin çıxışlarında Ermənistanı İrana qarşı qoymağın istiqamətlərini də gördük. Pelosinin muzeydə olarkən "tarixi hadisəyə” ekskurs etməsi onu göstərir ki, Vaşinqton İrəvandan Tehrana qarşı da istifadə etmək niyyətindədir”. 
Ü. Şəfiyev düşünür ki, Ermənistan bu gedişlə gələcəkdə KTMT çətiri altından çıxıb, ABŞ-ın çətiri altına keçə bilər: "Nümayəndələr Palatasının rəhbəri Ermənistanın ərazi bütövlüyü, təhlükəsizliyi məsələsində də onun yanında olduğunu vurğulayıb. Hətta Ermənistana istiqamətverici yol da göstərdi ki, təhlükəsizliyə Rusiya qarant deyilsə, KTMT-dən çıxmaq lazımdır. Belə olarsa, Pelosinin dediklərinə görə, Ermənistan hətta ABŞ-ın təhlükəsizlik çətirilə əhatə oluna bilər”. 
Həmsöhbətimiz Pelosini Azərbaycan və Türkiyəyə münasibətdə adekvat olmayan qərəzli mövqe sərgiləməkdə də ittiham etdi: "Pelosinin dilindən Türkiyənin Azərbaycanın yanında olmasına qarşı mövqeyi də səsləndi. Bu isə müttəfiq dövlətə münasibətə adekvat deyil. Onun çıxışında ATƏT-in Minsk qrupunun dirildilməsi meyli də hiss olundu. Amma burada ikili standartlar olacaqsa, həmsədrlərin prosesdə moderator kimi çıxış etməsi böyük suallar doğurur. Spikerin Azərbaycan və Türkiyəyə qarşı sərgilədiyi mövqe adekvat yanaşma deyil, birtərəfli, qərəzli, demokratik dəyərlərə zidd yanaşma idi. 
Pelosinin bu fonda yanaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verən hərəkət olmadı. ABŞ problemin həllində iştirak etmək istəyirsə, tərəfsizlik nümayiş etdirməlidir. Yaxud da Pelosi hər iki ölkəyə səfər etsəydi, bu, normal başa düşülərdi. Paşinyanın BMT Təhlükəsizlik Şurası çərçivəsində məsələni diqqətdə saxlamaq və Azərbaycana qarşı qətnamə qəbulu xahişində bulunması fonunda Pelosinin ona müsbət reaksiya verərək, belə bir qətnamənin olacağına söz verməsi vasitəçilik iddiasında olan dövlətin rəsmi təmsilçisinə yaraşmayan hərəkət idi.  
Pelosinin bu səfəri həm də Rusiyaya qarşı yönəlik bir səfər idi. Hətta bəzən onun bu səfərini Tayvana etdiyi səfərlə eyniləşdirirlər. Pelosi Ermənistana etdiyi bu səfərlə Rusiyaya mesaj ötürdü ki, burada ABŞ-da var”. 
Rüfət Sultan