
“Nida” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü aclıq aksiyasını davam etdirir.
Onlar aksiyanı saxlandıqları Bakı İstintaq Təcridxanasında keçirirlər. Aksiyaya səbəb aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının təqsirləndirilənlərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəməsidir.
“Nida” Vətəndaş Hərəkatından verilən məlumata görə, aclığın beşinci günündə məhbus “Nida”çılardan bir neçəsinin səhhətində problemlər yaranıb: “Bəxtiyar Quliyevin ayaqları tutulur, astma xəstəliyindən əziyyət çəkən Zaur Qurbanlının nəfəsi tıncıxır, gözləri qaralır. Rəşad Həsənovda isə şiddətli baş ağrıları var. Vəkillər deyib ki, təcridxana rəhbərliyi onun vəziyyəti ilə maraqlanmaq üçün həkim çağıracaq. Gənclər aclıq aksiyasına son verməyi düşünmürlər, fikirlərində qətidirlər, dərhal azad olunmalarını istəyirlər”.
Mövzu ilə bağlı Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi ilə danışdıq. Sözügedən qurumdan Qaynar.info-ya verilən açıqlamada ümumiyyətlə, aclıq aksiyasının keçirilməsi təkzib olundu: "Heç kim aclıq aksiyası keçirmir, xəbərlər yalandır"
“Nida” Vətəndaş Hərəkatının Bakı İstintaq Təcridxanasında saxlanılan üzvlərinin aclıq aksiyası etməsi düzgün deyil: "Gənclərin səhhətləri normaldır, heç bir problem yoxdur. Sabah da məhkəmələridir, ona hazırlaşırlar."
Qeyd edək ki, “Nida”-nın həbsdə olan üzvlərinin valideynləri də aprelin 20-dən Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında aclıq aksiyasına başlayıblar. Onlar övladlarının azadlığa buraxılmasını tələb edirlər.
Xatırladaq ki, 2013-cü ilin mart-aprel aylarında tutulan “Nida”çıları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi qanunsuz olaraq partlayıcı maddə əldə etmə, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.
Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International onları vicdan məhbusu sayır.
Elkin Xəlilov
Qaynar.info