Xəbər lenti

Pensiyaya çatmadan ölən 88 min kişi: Ekspert səbəbləri açıqladı
Ekonomiks 19:25 07.07.2026

Pensiyaya çatmadan ölən 88 min kişi: Ekspert səbəbləri açıqladı

"Son beş ildə pensiya yaşına çatmadan vəfat edən kişilərin sayının 88 min 100 nəfərə çatmasının əsas səbəblərindən biri COVID-19 pandemiyasının yaratdığı ağır nəticələr olub”.

Bunu iqtisadçı Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında son beş ilin statistik göstəricilərini şərh edərkən deyib.

Ekspert bildirib ki, xüsusilə pandemiya dövründə pensiya yaşına çatmadan vəfat edən kişilərin sayında ciddi artım qeydə alınıb:

"Bu artımın əsas səbəbi pandemiyanın təsirləri idi. Hazırda isə pensiya  yaşına çatmadan ölən kişilərin sayında azalma müşahidə olunur. Bu, pandemiyanın təsirlərinin aradan qalxması ilə bağlı müsbət tendensiyadır".
 


Xalid Kərimli statistikada başqa bir vacib məqama da diqqət çəkib. 

Onun sözlərinə görə, ölüm səbəbləri açıqlanmadığından rəqəmləri daha dərindən təhlil etmək mümkün olmur:

"Kişilərin hansı səbəbdən vəfat etdiyi açıqlanmır. Əgər bu məlumatlar açıq olsaydı, statistikanı daha  dəqiq təhlil etmək mümkün olardı".

İqtisadçı hesab edir ki, insanların əmək qabiliyyətinin ən məhsuldar dövründə həyatını itirməsi təkcə ailələr üçün deyil, ölkə iqtisadiyyatı üçün də ciddi itkidir:
"Söhbət yalnız 65 yaşına çatmayan şəxslərdən  getmir. Bu statistikanın içərisində 25-55 yaş  arasında vəfat edənlər də var. Onların əksəriyyəti təcrübəli, əmək bazarında fəal  insanlar idi. Belə itkilər iqtisadiyyat üçün də  ciddi nəticələr yaradır. Bundan başqa, 2021-ci  ildə Vətən müharibəsindən sonrakı dövrdə  şəhidlərimizin olması da statistikaya müəyyən təsir göstərib. İnsanların vaxtından əvvəl  dünyasını dəyişməsi hələ də aktual  problemdir".

Xalid Kərimli əlavə edib ki, Azərbaycanda  kişilərin orta ömür uzunluğu təxminən 74 yaşdır. Pensiya yaşı isə 65 olduğundan kişilər  orta hesabla cəmi doqquz il pensiya ala bilirlər.

Qeyd edək ki, açıqlanan rəsmi statistikaya  əsasən, son beş ildə pensiya yaşına (65 yaş) çatmadan vəfat edən kişilərin sayı 88 min 100 nəfər təşkil edib.
2020-ci il – 21 331 nəfər
2021-ci il – 18 922 nəfər
2022-ci il – 15 872 nəfər
2023-cü il – 16 694 nəfər
2024-cü il – 15 281 nəfər

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->