Milli Məclisin "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə” komitəsinin sentyabrın 16-da keçirilən iclasının gündəliyinə 7 məsələ daxil edilib. Həmin məsələlərdən biri də Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsidir.
"Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də hansı yenilik və ya dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli bildirib ki, peşəkar orduya keçməli, bu yolla ordunun sayını azaldıb, hərbi qulluqçuların maaş və statusunu artırmalıyıq:
"Zaman, parametrlər, kordinatlar, yanaşmalar dəyişir. Zaman keçdikcə istənilən sənədə müəyyən düzəlişlər edilməsinə ehtiyac yaranır. "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də də müəyyən mənada redaktələrə ehtiyac duyulur. Azərbaycan Ordusu artıq 90-cı illərin əvvəllərində olan ordu deyil. Qalib Ordumuz xeyli dərəcədə güclənib. Fikrimcə, əsasnamədə əsas istiqaməti hərbi qulluqçuların statusu, maddi rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması olmalıdır. Onların aylıq vəzifə maaşları artırılmalıdır. Ordunun strukturunu dəyişməli, əsasən peşəkar orduya keçməliyik. Həqiqi hərbi xidmətə çağırılanlar isə peşəkar ordunun moder texniki təminatında köməkçi vasitə kimi çıxış etməlidir. 44 günlük müharibədə də əsas aparıcı qüvvə xüsusi təyinatlılar oldu. Bu yolla ordunun sayını azaltmaq, hərbi qulluqçuların məvacib və statusunu, onlara edilən güzəştləri artırmalıyıq. Statusun artırılması hərbi qulluqçunun cəmiyyətdəki nüfuzunun artırılması demək olacaq”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edir ki, sözügedən qanun dövrün tələbinə uyğun olaraq bir qədər də dəqiqləşdirilir:
"Qanun layihəsində söhbət 15 yaşında qeydiyyata düşərkən, elektron hökumət portalından tələb olunan şəkli götürməyin mümkün olduğu təqdirdə, daha asan sənədləşdirilmədən gedir. Yəni prinsip etibarı ilə həmin qanun dövrün tələbinə uyğun bir qədər də dəqiqləşdirilir. Ümumiyyətlə, bu günki hərbi qanunvericilik günün tələblərinə cavab verir. Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələrinin təxribatına Ordumuzun layiqli cavabı bir daha göstərir ki, qanunvericilik bütün situasiyaları tənzimləyir. Gələcəkdə ehtiyac olduqda dəyişikliklər ediləcək”.
Rüfət Sultan