Millətlərarası münasibətləri qızışdırmaqda Vladimir Solovyovun xüsusi rolu var”.
Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış televiziya jurnalisti Qulu Məhərrəmli RF-də 120 mindən çox şəxsin aparıcıya qarşı petisiya imzalamasından danışarkən deyib. Onun fikrincə, Ukrayna, Rusiya, Ermənistan və Azərbaycan arasında münasibətlərin qızışdırlmasında Solovyovun ayrıca rolu var:
"Qarabağ münaqisəsi başlayanda Rusiya Televiziyası hansı rolu oynayırdısa, bu gün həmin funksiyanı Solovyov yerinə yetirir. Bundan əlavə, Avropadan 222 min nəfər onun efirdən uzaqlaşdırılmasını istəyir”.
Qulu Məhərrəmli qeyd edib ki, Solovyov rus televiziyasının aparıcı müəlliflərindən biridir:
"Amma məşğul olduğu fəaliyyət jurnlaistika fəaliyyəti deyil. Solovyov bir başa Rusiya təbliğat maşınının daşıyıcılarından biridir. Onun Ukrayna ilə bağlı apardığı verilişlərində həm etik qaydalar, həm də balans pozulmuşdu. Mənim üçün onun yaxşı aparıcı keyfiyyətləri var, bilikli və bacarıqlıdır. Amma onu jurnalist kimi görmürəm. Petisiya imzalamağın özünün də mənası yoxdur. Niyə? Çünki əslində televiziya birinin haqqını pozursa, Rusiyanın teleradio qanununda da göstərilib ki, qarşı tərəfin təkzib vermək, öz fikirini bildirmək hüququ var. Amma Rusiya televiziyası bu gün avtoritar televiziyadır, tamailə təbliğatın üstündə qurulub. Son 10-15 ildə aşağı enmiş və öz ənənələrini pozan bir televiziyadır. Solovyov da bütün bu proseslərin məhsulu olan aparıcıdır və Rusiyanın bir çox hallarda təbliğatını təmsil edir. Vaxtilə Azərbaycanın da ünvanına yalanlar, böhtanlar, nalayiq ifadələr söyləyib. Azərbaycanda da olub”.
Qeyd edək ki, Vladimir Solovyovun federal televiziya kanallarında veriliş aparmasının qadağan edilməsini tələb edən petisiya artıq 123 mindən çox imza toplayıb.
Bahar Rüstəmli