"İrandan olan politoloqların bir qisminin prezident Məsud Pezeşkianın Azərbaycanla bağlı müsbət fikirlərinə aqressiv yanaşması iki amillə bağlıdır. Birincisi, onların Azərbaycanın müstəqil dövlət olduğunu həzm edə bilməməsi və onu İranın bir hissəsi saymaları ilə. İkincisi isə, burada erməni təbliğatının təsiri altında olmaları da müəyyən dərəcdə rol oynayır".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı xoş və müsbət fikirlər səsləndirməsinin bu ölkənin bir çox politoloq və siyasiləri arasında kəskin etiraz və narazılıqla qarşılanmasının səbəblərindən danışarkən deyib.
"Məsələyə bu tip baxışlar azalmasa iki ölkə arasında qarşılıqlı münasibətlərə mənfi təsir göstərə bilər. Azərbaycanda "yaxşı işləyə bilmədik" fikrini səsləndirən Məsud Pezeşkianın bu ifadəsi İran daxilində müxtəlif cür qarşılanıb. Bəzi çevrələr bu fikri kəskin şəkildə tənqid etsə də, digərləri onu İran dövlətinin maraqları və regional mənafeləri prizmasından daha praqmatik bir yanaşma kimi dəyərləndirir", deyə Azər Hüseynov bildirib.
Ekspert qeyd edib ki, bu açıqlaması ilə əslində Pezeşkian İranın Cənubi Qafqaz siyasətində daha çevik, optimal və strateji yanaşma sərgilənsəydi, Azərbaycanda İsrailin təsir dairəsinin bu qədər geniş olmayacağını demək istəyib:
"Burada Pezeşkian bir tərəfdən İran diplomatiyasının gecikmiş və bəzən qeyri-fəal siyasətinə dolayı şəkildə tənqid yönəldir, digər tərəfdən isə dolayısı ilə bu boşluqdan istifadə edən digər aktorların, xüsusilə İsrailin bölgədəki aktivliyinə işarə edir. Yəni bu ifadə təslimçilik deyil, əksinə, İranın regional siyasətində buraxdığı fürsətləri göstərmək cəhdidir".
Həmsöhbətimiz düşünür ki, Pezeşkianın bu bəyanatı əslində İran cəmiyyətində müəyyən narahatlıqları üzə çıxarır:
"Çünki bu cür açıq etiraflar uzun illərdir davam edən və daha çox təhlükəsizlik prizmasından qurulan İran xarici siyasətinin nəticələrinə dair daxili sorğulamanın artdığını göstərir. Pezeşkianın bu çıxışı həm də yeni dövrdə İran siyasətində müəyyən çevikləşmə və özünə tənqidi baxış ehtiyacının aktuallığını göstərdi. Beləliklə, bu bəyanat sadəcə taktiki səviyyədə deyil, eyni zamanda strateji düşüncə dəyişikliklərinin təzahürü kimi də oxuna bilər".
Xatıaladaq ki, İran prezidenti Məsud Pezeşkian Azərbaycana səfərindən qaytdıqdan sonra, ölkəmizlə bağlı xoş sözlər səsləndirib. O, açıqlamasında Azərbaycanla İranın münasibətlərində bu yaxınlara qədər mövcud olan gərginlikdə məhz Tehranın günakar olduğunu da açıq şəkildə etiraf edib.
Amma İrandakı bir sıra qüvvələr Pezeşkianın bu etirafını qəbul etmək əvəzinə ona qarşı hücum mövqeyi tutublar. Bunu bir sıra iranlı politoloq və siyasilərin Pezeşkianın Azərbaycanla bağlı dediklərinə kəskin reaksiya sərgiləmələrindən də görmək olar.
Rüfət Sultan
Şərhlər