Dünyanın ən sirli tikililərindən olan Giza Piramidaları yenidən müzakirələrin mərkəzinə gəlib. Yeni tapıntılar məşhur alim Filippo Biondiyə piramidaların yalnız məzar olmadığını və antik tarixin yenidən yazıla biləcəyini göstərib. Bəs, bu qədim tikililərin dərinliklərində həqiqətən nə gizlənir?
Qaynarinfo xəbər verir ki, amerikalı məşhur yayımcı Co Roqan son podkast bölümündə İtalyan alim Filippo Biondi və onun qrupunun Giza Platosunda apardığı mübahisəli radar skanlarına toxunub.
Antik tarix yenidən yazılır?
Skanların nəticələri antik tarixi yenidən yazmaq potensialı daşıyan iddiaları ortaya qoyur və piramidalarln yalnız məzar olmadığını, daha geniş bir strukturun yalnız görünən hissəsi ola biləcəyini göstərir. Podkastda Roqan qeyd edib:
"Bunlar məzar deyil. Əgər məlumatlar doğrudursa, piramidalar yalnız aysberqin görünən hissəsi ola bilər".
Radar skanlarının detalları və istifadə olunan texnologiya
İddiaların mərkəzində Biondi və qrupunun həyata keçirdiyi Xafre Projesi dayanır. Layihə çərçivəsində sintetik açıq radar (SAR) texnologiyası istifadə olunaraq Giza Platosunun altındakı strukturlar taranıb. Bu texnologiya, peyklərdən göndərilən radio dalğalarının yer səthindən əks olunmasını analiz edərək yeraltı strukturları üçölçülü modelə salmağa imkan verir.
Biondi bildirib ki, skanlar İtaliyanın "Cosmo-SkyMed” və ABŞ-ın "Capella Space” peykləri də daxil olmaqla bir neçə peyk vasitəsilə həyata keçirilib. 200-dən çox skan nəticəsində, təxminən 2 metr diametrində, spiral formada aşağı doğru uzanan sütunlar və bu sütunların sonunda 80 metr uzunluğunda və genişliyində böyük otaqlar aşkarlanıb.
Biondi otaqları belə təsvir edir:
"Üç piramidanın və Sfinks heykəlinin altında yerləşən, böyük həcmli otaqlarda sonlanırlar"
Skanlıar həmçinin, təxminən 609 metr dərinliyə enən və 3 metr hündürlüyündəki üfiqi koridorlarla kəsişən tunelləri də ortaya çıxarıb. Biondi hesab edir ki, piramidalar ənənəvi məzar anlayışının xaricində bir funksiyaya sahib ola bilər:
"Bunlar məzar deyil. Bəlkə də qədim enerji mənbələri və ya bədən xarici eksperimentlər üçün vibrasiya cihazları ola bilər".
Yerin altındakı strukturlar "Zep Tepi" ilə əlaqələndirilir
Biondi qeyd edib ki, yeraltı strukturlar 18 000–20 000 il əvvələ aiddir və bunlar antik Misir mifologiyasında "Tanrıların ilk dəfə hökm sürdüyü və sivilizasiyanın başladığı” dövr olan "Zep Tepi" (İlk Zaman) ilə əlaqəli ola bilər.
Həmçinin, Giza Platosunda aşkarlanan duz qalıqları qədim dəniz sularının basqınlarına işarə edir və bu, piramidaların altında olan sivilizasiyanın daha qədim bir mədəniyyətə aid ola biləcəyini gücləndirir. Biondi bildirib:
"Gizanın altında çox daha qədim bir sivilizasiyanın mövcud olmasına dair əhəmiyyətli sübutlar var".
Radar skanları İtalyan ordusu üçün gizli layihələrdə test olunub
Biondi texnologiyanın inkişaf prosesi barədə də danışıb. Qrup radar skanlarını İtalyan ordusu üçün gizli layihələrdə və Musul bəndi ilə Qrand Sasso parçacıq toqquşması kimi yerlərdə test edib. Texnologiyanın patentli, yoxlanılmış və yüksək həssasiyyətli olduğunu vurğulayıb.
Tənqidlər və mübahisələr
Lakin Gizaa tətbiq olunduqda nəticələr müzakirələrə səbəb olub. Misir arxeologiyasının aparıcı simalarından Dr. Zahi Havass skanları "Bu absurd bir şeydir” deyə qiymətləndirib və texnologiyanın dərinlik iddialarını rədd edib:
"300 metrdən dərinliyə, bir şəhərə qədər çatdığını iddia edirlər. Amma tomoqrafik radardan anlayan hər bir alim bilir ki, yalnız təxminən 19 metr dərinliyə çatır. Nəzəriyyələri tamamilə səhvdir”.
Biondi isə cavabında bildirib: "Heç bir şeyin içinə nüfuz etmirik, yalnız yerin səthindəki entropiyanı müşahidə edirik".
O əlavə edib ki, məlumat dəstləri fərqli peyk sistemləri ilə də təsdiqlənib:
"Amerikan peyklərindən istifadə etdikdə eyni nəticələr çıxır və digər peyklərlə də həmişə eyni nəticələr alınır, buna görə açıqlamağa qərar verdik".
Üfiqi koridorlar da aşkar edilib
Skanlar piramidaların altındakı üfiqi strukturların yanında, plato altındakı quyuları və otaqları birləşdirən təxminən 2,5 metr hündürlüyündə üfiqi koridorları da ortaya çıxarıb. Biondi vurğulayıb ki, piramidalar arasında mövcud olan, molozlarla dolu tunellər yeraltı sistemə giriş təmin edə bilər:
"Bu quyular aşağıya, daha da aşağıya doğru enir və daha aşağıda olan otaqlara çatır".
O həmçinin fiziki qazı olmadan robotik dronlardan istifadə ilə yeraltı sistemin yoxlanmasını Misir hakimiyyətinə tövsiyə edib:
"İnsanlar yerinə maşınlardan istifadə etmək istəyirik. Bu layihənin xərci təxminən 20 milyon dollar hesablanıb".
Yadplanetli nəzəriyyələri yenidən gündəmə gəldi
Radar skanları nəticəsində ortaya çıxan tapıntılar, qədim yadplanetli nəzəriyyələrini yenidən gündəmə gətirib. Bu fikrin qabaqcıl nümayəndələrindən İsveçrə yazıçısı Erik fon Daniken, 1968-ci ildə çap edilmiş "Tanrıların Arabaları” kitabında, yadplanetli varlıqların qədim sivilizasiyaları ziyarət edərək piramidaların inşasında birbaşa rol oynadığını iddia etmişdi.
Fon Daniken hesab edir ki, piramidaların inşası üçün lazım olan yüksək mühəndislik və astronomik hesablamalar yalnız insan bacarığı ilə açıqlana bilməzdi. O, Böyük Piramidanıbelə təsvir edib:
"Təxminən 150 metr hündürlüyündə və 31 200 000 ton ağırlığında süni dağ, inanılmaz bir nailiyyət olaraq oradadır və bu abidənin, israfçı bir kralın məzarı olmaqdan başqa bir şey olmadığı söylənilir. Bu açıqlamaya inanan hər kəs buyursun..."
Fon Daniken piramidalarda daş blokların daşınması, strukturların daxildən işıqlandırılması və işçilərin riyazi, coğrafi və kosmik biliklərlə görünməsi kimi nümunələr göstərərək, piramidaların insan əli ilə inşa edilmədiyini iddia edib.
Aydın
Şərhlər