Bakıda kafedən oğruluq edən şəxsə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, Yusif Hüseynov (şərti) pivə içmək istəyib. Bunun üçün Bakının Nizami rayonunda fəaliyyət göstərən kafelərdən birinə gedib.
Pivə içərkən kafenin inzibatçısının telefonla danışdığını, pul kisəsinin isə stolun üstündə olduğunu görüb. Yusif Hüseynov inzibatçının telefonla danışmasından istifadə edərək pul kisəsini götürüb kafedən uzaqlaşıb. Pul kisəsinin içində 1027 manat pul olub.
Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra Yusif Hüseynov müəyyən edilərək saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Yusif Hüseynov verilmiş ittiham üzrə özünü təqsirli bilməklə yanaşı əməlindən peşman olduğunu deyib.
Mətanət Hacıyevanın çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxsə 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid
Şərhlər