Bakıda avtosalonun sahibləri vətəndaşa qarşı dələduzluq ediblər.
Milletinsesi.az-a daxil olan müraciətdə Saleh İbrahimoğlu ona qarşı bir qrup şəxslərin qanunsuz və özbaşına hərəkətləri barədə şikayət edib. Şikayətdə bildirilir ki, Saleh İbarahimoğlu 2015-ci il, yanvar ayının əvvələrində yaxın tanışı İlqar Cəfərovla birlikdə maşın almaq məqsədi ilə Nizami rayonu Babək prospektində yerləşən Xəzər avtosalonuna (AK petrolun yanında) gedib. Burada özünü salonun sahibi kimi qələmə verən Elçin və onun şəriki Bilal adlı şəxslə tanış olan Saleh 2007-ci il buraxılışlı “Tayota Land Cruiser” markalı maşını bəyənib. 90 VS 054 dövlət qeydiyyat nişanlı maşının tam saz vəziyyətdə olması ilə bağlı məlumat alandan sonra Saleh salon sahibləri ilə 40000 ABŞ dolları məbləğində razılaşıblar. Saleh ona məxsus olan “Mercedes ML-320” markalı avtomobilin pul şəklində qiymətləndirilməsini və onu deyilən məbləğdən çıxılmasını təklif edib. Maşına baxış keçirən Elçin və Bilal avtomobilin dəyərini 9000 ABŞ dolları məbləğində hesablayıb. Qalan 31000 ABŞ dollarının isə nağd pul şəklində verilməsi razılaşdırılıb. Şikayətçi “Tayota Land Cruiser”in daha gözəl görünməsi üçün 2014-cü il modelinə uyğun yığılmasını istəyib. Salon sahiblərindən olan Elçin bu işlə məşqul olan tanış ustalarının olduğunu və işi hər yerdən ucuz - 1000 manata həll edə biləcəyini bildirib.
Bütün detallar razılaşdırıldıqdan sonra Elçin və Bilal Salehdən maşın üçün beh olaraq 400 manat, buraxılış ili 2007-ci il olan “Tayota Land Cruiser”in 2014-cü il modelinə uyğun yığılması üçün isə 1000 manat pul alıblar.
İbrahimoğlunun sözlərinə görə, Elçin pulu aldıqdan bir neçə gün sonra maşının hazır olduğunu bildirib. Bundan sonra şikayətçi danışılan 31000 dolları və “ML-320 Mersedes” markalı maşını salonun digər sahibi Bilala təhvil verib. “Tayota"nın alqı-satqısı üçün DYP-nə gedərkən maşınının mühərrikində problem müəyyən edilib. Maşının yoxlanılması üçün “Toyota” servis mərkizinə aparılıb. Bir cox nasazlıqlar yarandığından maşın yenidən salona geri qaytarılıb. Şikayətçi “Tayota Land Cruiser” müqabilində ödədiyi 31000 ABŞ dolları və dəyişmə məqsədi ilə hesablanan “Mercedes”i geri ala bilsə də ödədiyi 1400 AZN pul ona qaytarılmayıb. Bunun əvəzində Tayota markalı avtomaşının qeydiyyat şəhadətnaməsi Saleh İbrahimoğlunda saxlanılıb. Ödədiyi pulu geri qaytarmaq üçün şikayətçi salon sahiblərinə dəfələrlə müraciət etsə də, bunun bir nəticəsi olmayıb. Belə ki, Saleh İbrahimoğluna 1400 AZN puldan 450-sinin maşının qeydiyyat şəhadətnaməsini almaq üçün DYP-nin əməkdaşlarına rüşvət olaraq verildiyi, qalanının isə maşının təmirinə xərcləndiyi deyilib.
Hər dəfə salona gedərkən təhqir və hədələrə məruz qalan S.İbrahimoğlu bununla baglı Nizami RPİ-nin 23-cü bölməsinə şikayət etsə də, onun şikayəti üzrə cinayət işinin başlanılması bölmənin təhqiqatçısı Murad Quliyevin qərarı əsasında rədd edilib. Bunun ədalətsiz qərar oldugunu iddia edən İbrahimoğlu Nizami Rayon Prokurorluğuna şikayət edib. Nəticədə təhqiqatçı tərəfindən 17.03.2015–ci il tarixində qəbul olunan qərar əsasız olduğü üçün ləğv edilib, işin araşdırılması üçün yenidən Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilib.
Şikayətçi isə bu gunə qədər dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə rəğmən müsbət cavab almadığını bildirir.
Qaynar.info