"ABŞ hakimiyyəti Ukrayna taxılının maneəsiz ixracı müqabilində Rusiyadan sanksiyaların bir hissəsinin götürülməsi ilə bağlı sövdələşməyə razı olmayacaq. Administrasiya rəsmisi Rusiyanın mövzu ilə bağlı açıqlamalarını "mənimsəmə diplomatiyası” adlandırıb”.
Qaynarinfo xəbər verir ki, bu haqda "Politico” Amerika rəsmisinə istinadən
yazıb.
"Politico” yazır ki, ABŞ Prezident Administrasiyasının rəsmiləri və konqresmenlər Rusiyanın mümkün ərzaq böhranının aradan qaldırılmasına kömək etməyə hazır olması ilə bağlı bəyanatlarına xüsusi həvəs göstərmirlər. Xüsusilə, Aydaho senatoru Cim Riş taxıl ixracı məsələsi ilə bağlı qərarın bir hissəsi kimi Rusiyaya qarşı sanksiyaların ləğvi ideyasını "şantaj” adlandırıb.
Qəzetin yazdığına görə, əksər rəsmilər Ukrayna taxılının tədarükü ilə bağlı hazırkı danışıqların necə başa çatacağını və Rusiyanın sanksiyalar təzyiqini yumşaltmaq iddialarından əl çəkib-çəkməyəcəyini gözləyirlər. Eyni zamanda, nəşrin mənbəsi qeyd edib ki, Rusiyadan sanksiyaların götürülməsi təklifi hazırda təşkilat səviyyəsində aparılan onsuz da "kövrək” danışıqları çətinləşdirir.
Xatırladaq ki, bundan bir qədər əvvəl BMT bəyan etmişdi ki, Ukrayna taxılının ixracına Rusiya qüvvələri tərəfindən Ukrayna limanlarının blokadası mane olur. ABŞ iddia edir ki, Rusiyanın hərəkətləri qlobal ərzaq böhranını daha da gücləndirir. Bütün bunların fonunda baş katib Antonio Quterreş taxıl daşıyan gəmilərin keçməsi müqabilində Rusiya və Belarus kalium gübrələrinin ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasını təklif edib, - bu haqda The Wall Street Journal yazıb.
Alpər