Xəbər lenti

Turan Rzayevdən xəbardarlıq – “Moskva Brüssel görüşünə səssiz qalmayacaq”...
Siyasət10:40 07.04.2022

Turan Rzayevdən xəbardarlıq – “Moskva Brüssel görüşünə səssiz qalmayacaq”...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüşü və orada əldə edilən bir sıra razılaşmaları heç şübhəsiz regionda sülhün əldə edilməsinə doğru aparan yolda atılan mühüm addım kimi dəyərləndirmək mümkündür.
Razılaşmağa əsasən hər iki ölkənin xarici işlər nazirləri sülh müqaviləsinin hazırlanması üçün çalışacaqlar. Digər tərəfdən, Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin həlli üçün aprelin sonuna qədər birgə kommisiya yaratmaq qərarına gəlib.
Komissiyanın mandatı sərhədin müəyyən edilməsi və sərhəd boyu təhlükəsizliyin təmin edilməsindən ibarət olacaq. Bu mənada Brüssel danışıqlarında indiyə qədər sözügedən istiqamətdə baş tutan digər görüşlərlə müqayisədə daha böyük uğurun əldə edildiyini söyləyə bilərik. Bu kontekstdə Qərblə münasibətləri kritik olan Rusiyanın Brüssel razılaşmasına hansı reaksiya sərgiləyəcəyi maraq doğurur. 
Belə ki, yaranmış situasiyaya Moskvanın biganə qalacağı və yaxud onun Brüssel görüşünün əhəmiyyətini qabardacağı gözlənilən deyil. Çünki son hadisə fonunda Rusiyanın hərəkətsiz qalması proses ətrafında ən mühüm oyunçu rolunun itirilməsinə gətirib çıxara bilər. Bu isə aydın məsələdir ki, Kremli heç cürə qane edə bilməz. Ehtimal etmək olar ki, yaxın zamanlarda Moskva da proses ətrafında hansısa hərəkətlərə keçəcək. Amma indiki halda Kremlin Brüssel razılaşmasına sərt təpki verəcəyi o qədər də inandırıcı görünmür. Mövcud vəziyyətdə sərt təpki diplomatiyasının Rusiya üçün yararlı olacağı ehtimalı azdır. Çünki belə hərəkəti fonunda Rusiya özü haqqında formalaşdırmağa çalışdığı "bölgədə sülhə qarantı”  imicinə zərbə vurmuş olacaq. Bu mənada, yaranmış durumda Rusiya hədə-qorxu ilə deyil, yalnız daha effektiv və daha konkret təkliflər irəli sürməklə, prosesdə başlıca təşəbbüskar rolunu saxlaya bilər. 
Lakin müşahidəçiləri belə sual düşündürür -  Rusiya Brüssel görüşünə cavab olaraq hansı addımlar ata bilər? Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Turan Rzayevin fikrincə, Rusiya Brüssel razılaşmasına müdaxilə edəcək. Amma həmsöhbətimiz də düşünür ki, Moskvanın bu müdaxiləsi tərəfləri hədələmək formasında deyil, prosesdə özünün iştirakı ilə nəyəsə nail olmaq istiqamətində olacaq: "Problemin Brüsseldə tam həll edildiyini düşünmürəm. Burada Kreml amilini də unutmamalıyıq. Ümumiyyətlə, problemin Kreml xaricində həllini gözləmirəm. Ona görə Brüssel görüşünə Moskva səssiz qalmayacaq. Brüssel  görüşü sonrası yaxın vaxtlarda tərəflər arasında Rusiyanın iştirakı ilə yeni bir görüşün baş tutacağı da mümkündür. Hər halda Brüsseldə Şarl Mişelin atdığı konstruktiv addımlara cavab olaraq Kremlin prosesə əngəl törətməyəcəyini düşünürəm. Qərbin bu məsələdə Rusiyanı üstələməsini Kreml həzm edə bilməsə də, prosesi ləngitməyəcək.  Əksinə, Rusiya Qərbin önə keçməməsi üçün öz vasitəçilik missiyasını daha da artırmaqla prosesdə nəyəsə nail olmağa, müəyyən güzəştlərə getməyə çalışacaq”. 
Ekspert qeyd edir ki, Moskva ola bilsin, 10 noyabr bəyannaməsinin qanunsuz erməni silahlı dəstələrinin Qarabağı tərk etməsini özündə əks etdirən 4-cü bəndinin icrasını irəli sürə və onun həyata keçməsini tələb edə bilər: "Bu baş tutarsa, Brüsseldə irəli sürülən şərtlərdən daha önəmli olacaq. Zəngəzur dəhlizinə gəldikdə, ora nəzarət etmək üçün güman ki, Rusiya burada öz moderatorluğunu irəli sürəcək”. 
Rüfət Sultan