"Onun ölçü vahidi düzgün işləmir”.
Bunu Qaynarinfo-ya açılamasında politoloq Qabil Hüseynli Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağla bağlı razılaşmanın həyata keçməsi prosesinin "yaxşı” getdiyini deməsinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz qeyd edib ki, proses Peskovun vurğuladığı kimi yaxşı getsəydi, ermənilər mina xərətələrini çoxdan tam şəkildə Azərbaycana verməli idilər:
"Onun hansı bucaq altında bu məsələyə yanaşdığını və proseslərin gedişini necə dəyərləndirdiyini bilmirəm. Proses Peskovun vurğuladığı kimi yaxşı getsəydi, ermənilər mina xərətələrini çoxdan Azərbaycana verməli idi. Bunu beynəlxalq hüquq tələb edir. Sərhədlərin demarkasiya prosesi də kompromislə olsa da, sürətlə getməli idi. Lakin bu da baş verməyib, ermənilər bu məsələni də pozur. Digər tərəfdən, Ermənistanla Azərbaycan arasında sülh sazişi də imzalanmayıb. Bu istiqamətdə kiçicik də olsa addım atılmayıb. Nə nümayəndə heyəti ayrılıb, nə də danışıqlar prosesi gedir. İrəvan bu istiqamətdə fikirlərini açıq şəkildə bəyan etmir”.
Q. Hüseynli bildirib ki, Peskov prosesi heç də düzgün ölçü vahidiylə hesablamır:
"O, müharibənin getməməsi, ancaq lokal atışmaların olmasını yaxşı hal hesab edirsə, deməli, onun ölçü vahidi düzgün işləmir. Sülhməramlılar Qarabağa erməniləri və diversantları daşımaqda davam edir. 10 mindən çox erməni silahlı dəstəsi hələ də Xankəndi və Əsgəran bölgəsində qalmaqdadır. Bu isə 10 Noyabr razılaşmasının ruhuna ziddir”.
Bir sözlə, politoloq Peskovun nikbin ifadələrinə əsas görmür:
"Zənnimcə, proseslər heç də Peskovun iddia etdiyi kimi qənaətbəxş getmir. Prosesin sürəti çox zəifdir. Heç olmasa bölgədə etimad mühitinin formalaşması üçün İrəvan və Moskva tərəfindən müəyyən addımlar atılmalı olsa da, təəssüf ki, bu günə qədər atılmayıb. Bu mənada qarşıda görüləsi işlər hələ çoxdur. Nikbinlik üçün kifayət qədər əsas yoxdur”.
Rüfət Sultan