Ermənistanın Naxçıvanla bağlı düşüncəsi ciddi ölçüdə dəyişib. Belə ki, Naxçıvanın Azərbaycanla quru sərhədinin olmaması düşmənin gözündə Azərbaycanın zəifliyi olaraq görülürdü. Lakin bu gün Ali Baş Komandanın səyləri nəticəsində Naxçıvandakı ordumuz Ermənistan üçün daha böyük təhlükə olaraq qiymətləndirilir.
Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyədən alınan müasir "TRG-300”, "Pələng” reaktiv yaylım atəşi sistemlərinin muxtar respublikaya yerləşdirilməsi haqqında Türkiyə mediasında yayılan və Ermənistanda narahatlıqla qarşılanan informasiyanı şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Naxçıvanda yerləşən ordu birləşmələrinin güclənməsi, modernləşməsi və ən yeni silahlar ilə təkmilləşməsinə xüsusi diqqət yetirir:
"Naxçıvan Muxtar Respublikasının bu gün Azərbaycanla quru sərhədi yoxdur. Lakin Naxçıvan Əlahiddə Birləşmələri də Azərbaycan Silahlı Qüvvələrinin bir parçasıdır. Ali Baş Komandan İlham Əliyevin son illərdə Naxçıvandakı ordu hissələrimizə xüsusi diqqət yetirməsi, təbii ki, ilk növbədə Ermənistanı narahat edir. Bunun başlıca səbəbi isə Naxçıvanın artıq mümkün bir müharibədə rahat hədəf deyil, Ermənistanın birbaşa özü üçün ciddi təhlükə olaraq görülməsidir. Faktiki olaraq Naxçıvan Əlahiddə Ümumqoşun hissələri Ermənistan üçün ciddi təhlükədir”.