Xəbər lenti

Polşa: Rusiya ilə həmsərhəd ölkələr Ukraynaya sülhməramlı göndərməməlidir
Dünya 18:45 19.02.2025

Polşa: Rusiya ilə həmsərhəd ölkələr Ukraynaya sülhməramlı göndərməməlidir

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış hesab edir ki, Rusiya ilə sərhədi olan ölkələr Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməməlidir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Polşa naziri "Polsat News” efirində verdiyi açıqlamada deyib.  

"Rusiya ilə sərhədi olan heç bir ölkə belə bir sabitləşdirmə missiyasına cəlb olunmamalıdır, çünki bu, asanlıqla təxribatlara gətirib çıxara bilər”, - Kosinyak-Kamış bildirib.  

Kosinyak-Kamışın fikrincə, bu ölkələrin Ukraynaya qoşun göndərməsi təxribat riski baxımından təhlükəlidir.  

O bildirib ki, hazırda Ukraynaya qoşun yeritməyi planlaşdıran heç bir ölkə koalisiyası mövcud deyil.  

"Polşa, şübhəsiz ki, Ukraynaya qoşun göndərmir və göndərməyəcək, bunu çox açıq şəkildə bəyan etmək istəyirəm. Bizim başqa vəzifələrimiz var”, – deyə Polşa naziri əlavə edib.  

Onun sözlərinə görə, bu vəzifələr Polşanın Ukrayna üçün "logistik mərkəz” rolunu oynaması, gələcəkdə isə sülh təmin edilərsə, "infrastruktur mərkəzi” funksiyasını yerinə yetirməsi ilə bağlıdır.  

Xatırladaq ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Avropa ölkələrinin Ukraynaya qoşun göndərmək ideyasını dəstəklədiyini bildirmişdi. Lakin o vurğulamışdı ki, bu, yalnız çox məhdud miqyasda və münaqişə zonalarından uzaq şəkildə baş verə bilər.  

Bu arada, Böyük Britaniyanın The Times nəşri xəbər verib ki, Britaniya Ukraynaya "Typhoon” qırıcılarını hava patrulu missiyasına göndərmək imkanını nəzərdən keçirir.  

Britaniya tərəfinin fikrincə, bu addım Ukrayna ərazisində çox sayda qoşun yerləşdirilməsinin qarşısını almağa kömək edə bilər.  

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan edib ki, Rusiya üçün NATO üzvü olan ölkələrin hərbi qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi münaqişənin nizamlanması barədə razılaşmadan sonra qəbuledilməz olacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->