Xəbər lenti

Polşa Ukraynanın strateji obyektlərini ələ keçirəcək? (ŞƏRH)
Siyasət08:08 29.04.2022

Polşa Ukraynanın strateji obyektlərini ələ keçirəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iddia edir ki, Ukraynanın Polşaya birləşdirilməsi planları hazırlanır. Birləşmə planının birinci mərhələsində Polşa öz qoşunlarını Ukraynanın qərbinə yerləşdirəcək. Bəhanə kimi Ukraynanı Rusiyadan müdafiə etməyin vacibliyi  göstəriləcək.
"Varşava və Vaşinqton Ukraynanın qərbində Polşanın siyasi hərbi nəzarətini qurmağı planlaşdırır. Hazırda Qərbi Ukraynanın Polşa ilə birləşdirilməsi ciddi şəkildə müzakirə edilir. Razılaşmada Polşa sülhməramlı kontingentinin Ukraynaya yerləşdirilməsi də qeyd olunur. Polşa öz sülhməramlılarını Rusiya ilə toqquşmaların minimal olduğu bölgələrə yerləşdirəcək. Zamanla Polşa hərbçiləri Qərbi Ukraynanın strateji obyektlərini ələ keçirəcək”, - deyə Narışkin bildirib.
Bildiyimiz kimi, hazırda Polşa Qərbin Ukraynaya daxil olması, ona hərtəfərli yardım etməsi üçün əsas qapı rolunu oynayır.  Ukraynaya Qərbdən göndərilən silahlar da əsasən məhz bu marşurut üzrə ünvana çatdırılır. Həmçinin, ukraynalı qaçqınların əsas hissəsi Polşada məskunlaşıb. Digər tərəfdən, Varşava ABŞ-dan aldığı müasir tankların müqabilində T-72 anklarını Kiyevə verib. Belə  bir vəziyyətdə Rusiya xarici kəşfiyyatının şefi iddia edir ki Ukraynanın Polşaya birləşdirilməsi planları hazırlanır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Mirinin fikrincə, Narışkinin heç bir real əsası olmayan bu kimi fikirləri sadəcə Polşa ilə Ukrayna arasında nifaq salmağa hesablanıb:
"Rusiyada yalan informasiya yaymaqla məşğul olan xüsusi institut fəaliyyət göstərir. Bu mənada Narışkinin Ukraynanın Polşaya birləşdirilməsi planlarının hazırlandığı barədə fikri yalan olduğu qədər, həm də absurddur. Bu gün Polşa daxil bütün Qərb dünyası Ukraynanın ərazi bütövlüyü uğrunda bir yumruq altında birləşərək, Rusiyaya qarşı ciddi dirəniş göstərir. Belə olduğu təqdirdə, Polşa necə ola bilər müstəqilliyini tanıdığı Ukraynanı özünə birləşdirsin? Ukrayna xalqı işğal faktı ilə razılaşırdısa, elə əvvəlcədən Rusiya ordusuna təslim olar, onları gül-çəçəklə qarşılayardı. Ona görə də Narışkinin açıqlamasında heç bir məntiq yoxdur. Sadəcə olaraq, bu kimi açıqlamalar Ukrayna ilə Polşanın arasına nifaq salmaq məqsədi daşıyır. Polşa Ukraynaya yardım edən öndə gedən ölkədir. Ukraynaya gələn silahların böyük əksəriyyəti məhz Polşa ərazisi vasitəsilə çatdırılır.  Digər tərəfdən, Polşa Rusiyaya nifrəti ilə fərqlənir. Çünki Rusiya ordusu İkinci Cahan müharibəsində Polşa əhalisinə qarşı soyqırım törədib. Ona görə də belə bir vəziyyətdə, Kreml Kiyevlə Varşava arasında nifaq salmağı düşünür. Əsas hədəf budur”.
Ekspert bu  əsasda Polşanın Rusiya tərəfindən vurulacağını da real hesab etmir: "Bu mümkünsüzdür. Çünki bu artıq Rusiyanın NATO-ya hücumu kimi dəyərləndiriləcək. Digər tərəfdən, Narışkin belə sərsəm fikirləri gündəmə gətirməklə Rusiyanın Ukraynanın şərq əyalətlərinin işğalına don geyindirməyə çalışır”.
Rüfət Sultan