Rusiyanın "Qazprom” şirkəti Polşa və Bolqarıstana qaz nəqlini dayandırıb. Səbəb kimi də, Polşa və Bolqarıstanın qazın qiymətini rubbla ödəmədiyi göstərilir. Şirkət həmçinin bildirib ki, Polşa və Bolqarıstan ərazisindən keçən tranzit qaz bu ölkələr tərəfindən qeyri-qanuni götürülsə, o zaman onların ərazisindən qaz nəqli də dayandırılacaq.
Cavab olaraq Polşa və Bolqarıstan Rusiyanı iqtisadi yolla şantaja görə ittiham edib. Polşa enerji şirkəti qaz nəqlinin dayandırılmasına görə kompensasiya tələb etmək haqqını saxladığını bildirib. Şirkət bunun üçün müqavilə şərtlərindən irəli gələn və digər bütün hüquqi vasitələrdən istifadə edəcəyini bildirib. Polşa prezidenti Andrej Duda isə narahatlığa ehtiyac olmadığı, Polşanın alternativ mənbələrdən qaz ala biləcəyini deyib. Ölkə hazırda Qətərdən mayeləşdirilmiş təbii qaz alır. Həmçinin ölkənin qaz ehtiyatı anbarının 80 faizinin dolu olduğu bildirilir. Bolqarıstan baş naziri Kiril Petrov da birtərəfli şantajın qəbul edilməz olduğunu deyib.
Yaranmış vəziyyətlə bağlı Qaynarinfo-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, "Qazprom”un bu addımına görə Polşa və Bolqarıstan şirkəti beynəlxalq məhkəməyə verməklə haqlı olduqlarını sübut edə biləcəklər:
"Polşa və Bolqarıstan müqaviləyə uyğun olaraq qazın rublla ödənilməsini tələb etməyə haqqı yoxdursa, bu hərəkətinə görə Rusiyanı beynəlxalq məhkəməyə verə bilər. Bu fonda hər iki ölkə beynəlxalq məhkəmədə haqlı çıxacaq. Digər tərəfdən, hər iki ölkənin Rusiya qazından asılılığı xeyli azdır. Bolqarıstan isə son zamanlar çoxşaxəli qaz alışına keçib. Onlar hətta Azərbaycandan da qaz alır. Polşa isə sıxılmış qaz almaq üçün ən yaxşı infrastruktura malik ölkədir, burada iki ədəd sıxılmış qaz limanı tikilib. Ona görə Varşava və Sofiyaya Rusiya qazından imtina etmək rahatdır”.
Digər tərəfdən, ekspert qeyd edir ki, ödəniş rublla olsa belə, formal xarakter daşıyacaq:
"Reallıqda heç nə dəyişmir. Sadəcə, "QazpromBank”da xarici valyuta və rublla olmaqla ikili hesab açılır. Bankın daxilində konvertasiya həyata keçirilir. Ondan sonra bank rublla "Qazprom”a ödəniş həyata keçirir. Bu anlamda ola bilsin gələcəkdə Polşa və Bolqarıstan da ikili hesabların açılması ilə bağlı qərar qəbul etsin. Yəni prinsipial olaraq Rusiya üçün heç nə dəyişmir. Əksinə, sözügedən iki ölkənin rus qazından imtinası ilə Rusiyanın qaz gəlirləri də azalacaq”.
Rüfət Sultan