Xəbər lenti

Postsovet ölkələrində Nazirlər Kabineti qurumunun ləğvi vacibdirmi? – Millət vəkili
Siyasət14:48 05.01.2022

Postsovet ölkələrində Nazirlər Kabineti qurumunun ləğvi vacibdirmi? – Millət vəkili

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu, çıxış yolu deyil və struktur olaraq bir şey verməyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa postsovet ölkələrində Nazirlər Kabinetinin bir qurum olaraq ləğvinin vacibliyi barədə sosial şəbəkələrdə səslənən fikirlərə münasibət bildirərkən deyib.
Deputatın fikrincə, yalnız islahat niyyəti olarsa, məhz onun içində sözügedən qurumun ləğvi və digər başqa məsələlər düşünülə bilər: 
"İslahat yoxdursa, Nazirlər Kabinetinin ləğvilə heç nə dəyişməyəcək. Strukturun dəyişməsindən söhbət gedirsə, onda bunu yalnız bir qurumun ləğvi üzərində qurmağımız yanlış hədəfdir”. 
F. Mustafa düşünür ki, burada normal idarəetməyə ehtiyac var:
"Normal idarəetmə üçün idarəetmə infrastrukturu dəyişə bilər. Ona görə də ilk növbədə islahat xarakterli addımlar atılmalıdır. Xüsusən də iş yerlərinin açılması, iş adamlarının incidilməsinin dayandırılması, onlara normal biznes şəraitinin yaradılması olduqca vacibdir. Bunlar olmasa, problemlər daha da artacaq”. 
Deputat bildirir ki, dedikləri baş verməsə, hansısa qurumun ləğvi və ya dəyişməsi nəyəsə öz təsirini göstərməyəcək: 
"Gələcəkdə problemlərin yaşanmaması üçün bu kimi məsələlərdə ciddi addımlar atılmalıdır. İndidən mövcud boşluqları ağıllı şəkildə doldurmaq lazımdır. Əks halda, problemlər həllini tapmayanda sosial narazılıqlar siyasi narazılığa çevrilə bilər. Dövlət işlərini öhdəsinə götürənlərin əksər hissəsi dövlət məsuliyyətini üzərinə götürmür. Hamı gizlənir ki, görək nə baş verəcək və onda özümüzü necə qoruyacağıq. Atılan hər bir addımın izahını cəmiyyətə verməliyik. Ondan yayındıqca problemlər daha acınacaqlı şəkil alacaq”. 
Rüfət Sultan