Siyasət 16:22 19.01.2023

"Praqa razılaşması”: Paşinyan “sülh sazişi”ni imzalamağa hazırdır?

"Dəfələrlə görmüşük ki, Ermənistan danışıqları, hərəkət və açıqlamalarını qeyri-müəyyənlik üstündə qurmağa çalışır. Fikirləşir ki, bununla manevr sahəsi yaradacaq. Paşinyanən "Praqa razılaşması” ilə bağlı dedikləri də bu xarakterdədir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Ermənistan baş naziri Nikol Paşinyanın rəsmi İrəvanın "Praqa razalaşması” əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğu barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

"Sülh sazişilə bağlı ortada bir sənəd və ümumi razılıq da yoxdur. Ermənistanın bu yanaşmasını test etmək üçün 10 noyabr tarixli üçtərəfli bəyanata baxmaq kifayətdir. Orada aydın göstərilən bir çox məqamlara İrəvan əməl etmir”, deyə ekspert əlavə edib.



Həmsöhbətimiz qeyd edir ki, imzalanmış 10 noyabr sənədindən irəli gələn öhdəlikləri yerinə yetirməyən Ermənistan indi ümumi açıqlama verərək, sülh prosesilə bağlı manipulyasiya edir: 

"Paşinyanın açıqlaması manipulyasiya və məsuliyyəti öz üzərindən atmağa çalışmaq təşəbbüsüdür. Ermənistan doğrudan da regionda sülh istəyirsə, beynəlxalq hüququn əsas prinsipləri və imzaladığı üçtərəfli bəyanata uyğun bütün öhdəliklərini qeyd-şərhsiz və dərhal yerinə yetirməlidir. Bunları yerinə yetirsin, o İrəvanın mövqeyini anlamaq üçün kifayət edəcək. Ermənistanın Praqa və digər razılaşmalara əməl edib-etməməyində nə dərəcədə səmimi olduğu da ondan sonra görünəcək”.

Qeyd edək ki, erməni mətbuatı yazdığına görə, Paşinyan rəsmi İrəvanın "Praqa razılaşması” əsasında Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan edib. Məlumata görə, baş nazir qeyd edib ki, regionda sabit vəziyyəti qorumağın ən yaxşı yolu problemlərin sülh yolu ilə həll yoludur. Paşinyan bildirib ki, Ermənistan aktiv beynəlxalq siyasət yürütməli və sülh danışıqlarından əl çəkməməlidir. 

Rüfət Sultan