Siyasət 18:47 28.09.2023

Prezident Cəbrayıl və Zəngilan rayonuna səfər edib (FOTO/YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verilib.

Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.

Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.

Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.

Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.

18.11
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına Alıbəyli kəndi barədə məlumat verib.

Alıbəyli kəndi Həkəri çayının sahilində, Bərgüşad silsiləsinin ətəyində, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun üzərində yerləşir. İşğaldan azad olunmuş ərazilərin ümumi planına əsasən, Alıbəyli kəndi Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl və Xumarlı kəndləri ilə birlikdə layihələndirilir. Kəndin mövcud məskunlaşma ərazisi 103,5 hektar sahəni əhatə edir. Layihələndirilən ərazinin sahəsi isə 170,3 hektardır.

Bildirilib ki, Alıbəyli kəndində 2568 sakin üçün 498 fərdi evdən və 144 mənzildən ibarət 2-3 mərtəbəli bloklaşdırılmış evlərin layihələndirilməsi nəzərdə tutulur. Birinci mərhələdə 772 sakin üçün 197 fərdi evin layihələndirilməsi və tikilməsi planlaşdırılır.

Kənddə inzibati bina, klub icma mərkəzi və qonaq evi, idman sağlamlıq mərkəzi, məktəb binası, bazar kompleksi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.

Qeyd olunub ki, Alıbəyli kəndində əhali üçün tələbata uyğun ümumilikdə 462 şagird yerlik iki tam orta məktəb binasının tikintisi planlaşdırılır. Birinci mərhələdə 143 şagird yerlik məktəb binası inşa olunacaq. Üçmərtəbəli məktəbin ərazisində həm şagirdlər, həm də əhali üçün qaçış zolağı olan geniş idman meydançasının yaradılması nəzərdə tutulur.

Kənddə məskunlaşacaq əhali üçün ümumilikdə 160 yerlik iki uşaq bağçası da inşa olunacaq.

Əhalinin resurslardan istifadəsini əlçatan etmək məqsədilə geniş istifadə olunan qeyri-yaşayış obyektləri bir neçə mövqedə yerləşdirilib.

Sonra Alıbəyli kəndinin inkişaf planı barədə videoçarx nümayiş etdirilib.

Prezident İlham Əliyev Alıbəyli kəndinin təməlini qoyub.

17.55
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Qaynarinfo xəbər verir ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, ölkəmizin elektroenergetika sektorunda texnoloji innovasiyaların tətbiqi və infrastrukturun rəqəmsal transformasiyasının sürətləndirilməsi istiqamətində Cəbrayıl şəhərində Prezidenti İlham Əliyev tərəfindən 2022-ci il oktyabrın 19-da təməli qoyulan "Azərişıq” ASC-nin Rəqəmsal İdarəetmə Mərkəzi yüksək səviyyədə inşa olunub.

Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi 110/35/10 kilovoltluq "Cəbrayıl” yarımstansiyasından qidalanır. Mərkəz Cəbrayıl şəhərinin elektrik enerjisinə tələbatının bir hissəsini təmin etməklə yanaşı, tikintisi nəzərdə tutulan digər güc mərkəzlərinin rəqəmsal platforma üzərindən idarəetməsini həyata keçirməyə imkan verəcək. Rəqəmsal İdarəetmə Mərkəzində tətbiq olunacaq müasir dispetçer idarəetmə sistemi elektrik enerjisinin real vaxt rejimində istehlakçıya çatdırılmasında abonent məmnunluğunu təmin edəcək. Rəqəmsal İdarəetmə Mərkəzi şəhərin müxtəlif təyinatlı infrastrukturunun elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, təchizat sxeminə daxil olan şəbəkələrin real vaxt rejimində və rəqəmsal formatda idarə edilməsinə imkan yaradacaq. Müasir tipli Mərkəz vasitəsilə ətraf ərazilərin də elektrik təchizatının etibarlılığı və dayanıqlılığına nəzarət təmin ediləcək. Rəqəmsal Elektrik Şəbəkələrinin İdarəolunması Mərkəzinin yaradılması elektrik enerjisinin paylanması prosesinə fasiləsiz nəzarətin təmin edilməsinə, enerji səmərəliliyinə, elektrik enerjisinin fasiləsizliyinə və keyfiyyətinin artırılmasına zəmin yaradacaq. Eyni zamanda, burada mühəndis–texniki heyətin effektiv işini təmin edən müasir avadanlıqlarla təchiz edilmiş iş otaqları, vətəndaş qəbulu üçün bütün şərait nəzərdə tutulub.

Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.

Məlumat verilib ki, 35/0,4 kilovoltluq "Cəbrayıl şəhər” yarımstansiyası qovşaq yarımstansiyası olmaqla 110/35/10 kilovoltluq "Cəbrayıl” yarımstansiyası, Zəngilan, Qubadlı rayonları və Hadrut qəsəbəsi ilə əlaqələndirilməklə 35 kV-luq dairəvi elektrik təchizat sxeminə daxil olacaq.

Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer idarəetmə sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Binanın dam örtüyündə yaradılan "yaşıl enerji” mənbəyinin şəbəkəyə inteqrasiyası həyata keçirilib.

17.11
 
Sentyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi - Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.

Qaynarinfo xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına tikinti işlərinin gedişi barədə məlumat verdi.

Qeyd olunub ki, ümumi sahəsi 7,9 hektar olan yaşayış kompleksi 33 binadan ibarətdir. Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.

Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.

Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.

Dövlət başçısına Şirvan, Lənkəran və Yevlax Yaşayış kompleksləri barədə də məlumat verilib.

Qeyd olunub ki, 8 hektardan çox ərazidə 25 binadan ibarət Şirvan Yaşayış Kompleksinin inşasına başlanılıb. Burada 9 mərtəbəli 14, 12 mərtəbəli 11 bina inşa ediləcək. Kompleksdə 32-si studio tipli, 216-sı ikiotaqlı, 768-i üçotaqlı və 248-i dördotaqlı olmaqla ümumilikdə 1264 mənzil olacaq. Bundan başqa, 960 şagird yerlik orta məktəb binası və 80 yerlik uşaq bağçası da tikiləcək.

Tikintisi yekunlaşmaqda olan Lənkəran Yaşayış Kompleksində doqquzmərtəbəli 5 bina inşa edilib. Binalarda ümumilikdə 240 mənzil var. Mənzillərin 32-si birotaqlı (studio tipli), 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i isə dördotaqlıdır.

Yeddimərtəbəli 6 binadan ibarət Yevlax Yaşayış Kompleksinin inşasına tezliklə başlanılacaq. Kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

17.00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.

Bildirildi ki, Baş plana əsasən, inzibati bina işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikiləcək. Layihəyə əsasən, ərazidə dörd bina inşa ediləcək. Hər bina müasir üslubda layihələndirilib. İlkin mərhələdə 4-5 mərtəbədən ibarət ikikorpuslu bina kompleksinin tikintisi planlaşdırılır və binalar körpü vasitəsilə əlaqələndiriləcək. Digər 3-4 mərtəbəli binaların tikintisi isə ikinci mərhələ üçün nəzərdə tutulur. Binaların fasadında müasirlik və milliliyin ahəngi əsas götürülüb. Belə ki, eyvanlarda milli elementimiz olan şəbəkədən istifadə olunacaq.

Layihəyə əsasən, inzibati bina kompleksinin həyətində sakinlərin istirahəti üçün park salınacaq. Buradakı avtomobil dayanacağı elektrik doldurma məntəqələri ilə təmin olunacaq.

Kompleksin elektrik enerjisi təminatını qismən ödəmək məqsədilə binaların damında və istifadə olunmayan boş ərazilərində günəş panelləri quraşdırılacaq.

Prezident İlham Əliyev inzibati binanın təməlini qoydu.

14.27
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda Zəngilan kəndinin təməlini qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

13.50
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.

Bu barədə Qaynarinfo-ya Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

12.52
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan rayonunda olub.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.

12.09

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Cəbrayıl rayonuna səfər edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Cəbrayıl şəhərində inzibati binanın təməlini qoyub və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
 
İlham Əliyev də "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.